"Mançester Yunayted"in Səudiyyə Ərəbistanı qərarı
“Mançester Yunayted” Səudiyyə Ərəbistanında yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in matçın təxirə salınması səbəbindən yaranan boşluğu dəyərləndirərək Səudiyyə Ərəbistanında gəlir gətirəcək yoldaşlıq oyunu keçirməyə hazırlaşdığı bildirilir.
Ötən mövsüm Avropa turnirlərinə vəsiqə qazana bilməyən “Mançester Yunayted” bu səbəbdən daha yüngül oyun təqviminə malik olub. Klub rəhbərliyi də məhz bu amili nəzərə alaraq cari mövsümdə Səudiyyə Ərəbistanında qazanc gətirəcək hazırlıq oyunu keçirməyi planlaşdırırdı.
“Mançester Yunayted”in “Everton”la oyununun 23 fevrala keçirilməsindən sonra Yaxın Şərqdə yoldaşlıq matçı keçirmək ehtimalı daha da artıb. The Times nəşrinin məlumatına görə, “Qırmızı şeytanlar” 10 fevralda “Vest Hem”lə qarşılaşacaq və bundan sonra təxminən iki həftə rəsmi oyunu olmayacaq. Təqvimdə yaranan bu boşluq Səudiyyə Ərəbistanına səfər variantını gündəmə gətirib.
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim mövsümün gedişində hazırlıq oyunu keçirmə ehtimalı ilə bağlı suala müsbət yanaşıb. Portuqaliyalı mütəxəssis mövsümün əvvəlində jurnalistlərə belə demişdi:
“Bunu etməliyik. Avropaya vəsiqə qazana bilmədiyimiz zaman edəcəyimiz çox şeyin olduğunu bilirdik.”
Amorim fikirlərini belə davam etdirib:
“Azarkeşlərimiz var, büdcəmiz var və kompensasiya etməli olduğumuz çox məqam var. Buna görə də bunu etməliyik və edəcəyik. Dünyanın dörd bir yanındakı azarkeşlərimizlə birlikdə olmaq istəyirik. Əgər bunu etmək lazımdırsa, bunun üçün mütləq imkan tapmalısınız.”
Qeyd edək ki, “Mançester Yunayted”in Səudiyyə Ərəbistanına mümkün səfəri həm kommersiya baxımından, həm də qlobal azarkeş bazası ilə əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.