“Marsel”də iki futbolçunun davası həddini aşdı

"Marsel"də Adriyen Rabyo və Conatan Rou arasındakı insident qalmaqala səbəb olub.
90plus.az xəbər verir ki, Fransanın “Marsel” klubu baş məşqçi Roberto De Zerbi və klub rəhbərliyi tərəfindən əsas komandadan uzaqlaşdırılan Adriyen Rabyo və Conatan Rou ilə bağlı qalmaqal yaşanır. Klub prezidenti Pablo Longoria bu qərarı “son həddə zorakılıq” adlandırdığı insidentdən sonra verdiklərini açıqlayıb.
Longoria AFP-yə verdiyi müsahibədə bildirib:
“Baş verənlər son dərəcə ciddi və zorakı idi, belə bir şeylə əvvəllər qarşılaşmamışdım. Klubda belə davranışlara göz yuma bilməzdik, bu, hər hansı bir təşkilatda da qəbul olunmazdır.”
Məlumatlara görə, insident "Renn" ilə oyundan sonra baş verib. "Marse oyunu 11 nəfərlə, rəqib isə 10 nəfərlə oynayarkən, Rabyo Rounu oyuna kifayət qədər bağlı olmamaqda günahlandırıb. Hər iki oyunçu bütün komanda qarşısında sözlü mübahisə edib və daha sonra fiziki qarşıdurmaya keçib.
Fransız yarımmüdafiəçi Rabyo və İngiltərə U-21 millisinin üzvü Rou əsas komandadan uzaqlaşdırılıb. Rabyonun müqaviləsi hələ bir il davam edir və "Yuventus" "Inter Milan" və İngiltərə Premyer Liqası klubları onu izləyir. Rou isə "Sanderlend" və "Lids Yunayted"in maraq dairəsindədir.
Rabyonun anasından açıqlama
Adriyen Rabyonun anası bildirib ki, klubun iddialarını başa düşmür:
“İnsidentin baş verdiyini inkar etmirik, amma ‘tayı-bərabəri olmayan zorakılıq’ nə deməkdir? Heç kim yaralanmadı, xəstəxanaya getmədi, sınıq burun və ya yarılmış dodaq olmadı. Tikiş lazım deyil, işdən icazə tələb edən bir hal da yox idi. Mən bunu başa düşmürəm.”
O əlavə edib: “Baş məşqçi və Bay Benatia soyunma otağında olmasına baxmayaraq, kimsə müdaxilə etmədi. İnsanlar necə belə bir zorakılıq olduğunu düşünə bilər? Mən buna inanmıram və əminəm ki, heç kim də inanmır.”
Qalmaqal həm klub daxilində, həm də futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Rabyo və Rounun gələcəyi yaxın günlərdə aydınlaşacaq.