Mastantuono parlayarkən Rodriqo “qüruba enir”

Franko Mastantuono “Real Madrid”də cəmi dörd rəsmi məşq keçməsinə baxmayaraq, dərhal diqqət mərkəzinə düşüb. 18 yaşlı argentinalı yarımmüdafiəçi artıq Xabi Alonsonun komandasında mühüm rol oynayacaq futbolçu kimi göstərilir və hətta bu həftə “Osasuna”ya qarşı La Liqa oyununda debüt edə bilər.
90plus.az xəbər verir ki, təqdimat mərasimində Mastantuono İspaniya çempionatında oyun sürətinin Argentinadan “daha yüksək” olacağını etiraf edib. Lakin klub daxilindən gələn ilkin rəylər olduqca müsbətdir. The Athletic yazır ki, Rodriqo ilə yaxın bir mənbə Mastantuononun hətta braziliyalının yerinə sağ cinahda şans qazana biləcəyini düşünür. Bundan əlavə, Jud Bellingem çiyin əməliyyatı səbəbindən oktyabra qədər sıradan çıxdığı üçün gənc futbolçunun mərkəz yarımmüdafiə mövqeyində də sınaqdan keçirilə biləcəyi vurğulanır.
Alonso bazar ertəsi mətbuat konfransında deyib:
“O, ‘Osasuna’ya qarşı oyunda bir neçə dəqiqə ala bilər. Komandaya keyfiyyət, enerji gətirəcək və müdafiədə çox çalışandır. Qısa müddətdə onda argentinalılara xas döyüşkən ruhu gördüm. Aqressivdir, həm standart vəziyyətlərdə, həm də son ötürmələrdə möhtəşəm sol ayağı var. Gəncdir, amma yüksək səviyyəli istedaddır”.
Mastantuono ətrafında həyəcan artdığı bir vaxtda əsas müzakirə mövzusu Rodriqonun gələcəyi olaraq qalır. Yay transfer pəncərəsinin bağlanmasına iki həftə qalmış 24 yaşlı cinah hücumçusunun Madrid klubunda qalacağı hələ dəqiqləşməyib. Premyer Liqa klubları aylardır, maraq göstərsə də, hələlik rəsmi təklif daxil olmayıb.
Rodriqo əvvəlcə komandada qalaraq öz yerini qazanmaq istəsə də, liderlik rolu vəd edən konkret təklif gəldiyi halda mövqeyini dəyişə bilər. Alonso bu barədə belə deyib:
“Yayda çoxlu şayiələr dolaşır. Mən onu yaxşı formada görürəm, hər kəsə güvənirəm. Mənim üçün vacib olan budur ki, güvəndiyim hər kəs 100 faiz hazır olsun”.
Rodriqo son yeddi görüşdə — Klubların Dünya Çempionatı oyunları və yoldaşlıq matçları da daxil olmaqla — yalnız əvəzləyici kimi meydana çıxıb. Bu tendensiya davam edərsə, transfer pəncərəsi bağlanmazdan əvvəl onun Premyer Liqaya keçidi daha real görünə bilər.