Mateuş Silva: “Xüsusi həyəcan yoxdur”
Mateuş Silva: “Azarkeşlərimizi sevindirmək üçün meydanda hər şeyi qoyacağıq”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın braziliyalı sağ cinah müdafiəçisi Mateuş Silva UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayaks”la keçiriləcək həlledici oyun öncəsi mətbuat konfransında çıxış edib. Təcrübəli futbolçu matçın əhəmiyyətinə baxmayaraq, komandanın öz oyun fəlsəfəsinə sadiq qalacağını bildirib.
Silva öncə sabahkı duelin çətinliyinə toxunub:
“Bizi çox ciddi oyun gözləyir. Təəssüf ki, matça tam hazırlaşmaq üçün yetərli vaxtımız olmadı, amma oyun prinsipimiz dəyişmir. Hər birimiz meydanda nə edəcəyimizi bilirik. Doğma meydanda oynamaq bizə əlavə güc verir və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Performansı barədə verilən suala cavabında Silva uğurun yalnız fərdi çıxışdan asılı olmadığını vurğulayıb:
“Bu turnirdə nəticə qazanmaq üçün təkcə mənim yox, bütün komanda yoldaşlarımın yüksək səviyyədə oynaması lazımdır. Amma söz verirəm ki, həm mən, həm də komandam sabah maksimum səviyyədə çıxış edəcək”.
Daxildə həyəcan məsələsinə də toxunan müdafiəçi bildirdi:
“Çempionlar Liqasında bütün oyunlar böyük əhəmiyyət daşıyır. Amma xüsusi həyəcan yoxdur. Necə ki, digər matçlara yanaşırıq, bu oyuna da eyni hazırlıqla gəlirik”.
Ötən mövsüm “Ayaks”a 0:3 hesabı ilə uduzmağa dair sualı belə cavablandırıb:
“Bəli, keçən mövsüm ağır məğlubiyyət olmuşdu. Amma indi vəziyyəti xeyrimizə dəyişmək üçün əlimizdən gələni edəcəyik”.
Silvanın adı son günlər Braziliyanın “Flamenqo” klubu ilə əlaqələndirilirdi. O, bu məsələyə qısa şəkildə münasibət bildirib:
“Mətbuatda çox xəbər çıxır. Hər deyilənə inanmaq mümkün deyil. Hazırda missiyamız var və diqqətimizi yayındırmamalıyıq. Hər şeyin vaxtı gələndə düşünəcəyik. İndi isə yolumuza davam etməliyik”.
ℹ️ Qarşılaşma sabah Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.