Mayk Tayson yenidən rinqə qayıdır – tarixi döyüş rəsmən açıqlanıb
59 yaşlı keçmiş dünya ağır çəki çempionu Mike Tyson yenidən rinqə çıxmağa hazırlaşır. Əfsanəvi boksçu 2024-cü ilin noyabrında uzun fasilədən sonra Jake Paul ilə üz-üzə gəlmiş və həmin qarşılaşmada xal hesabı ilə məğlub olmuşdu.
90plus.az xəbər verir ki, həmin döyüş böyük maraqla izlənilmişdi. Qarşılaşmadan sonra Mayk Tayson açıqlamasında bunun son döyüşü olub-olmayacağını bilmədiyini bildirmişdi.
Artıq məlum olub ki, Mayk Tayson növbəti dəfə daha iddialı rəqibə qarşı rinqə çıxacaq. O, bu dəfə əfsanəvi boksçu Floyd Mayweather ilə göstərmə döyüşündə üz-üzə gələcək.
Peşəkar karyerasında 5 fərqli çəki dərəcəsində dünya çempionu olan Floyd Mayweather boks tarixinin ən təsirli statistikasına sahib idmançılardan biridir. O, keçirdiyi 50 döyüşün hamısında qalib gəlib.
ABŞ-li boksçu Floyd Mayweather mətbuata açıqlamasında Mayk Tayson ilə döyüşəcəyini təsdiqləsə də, qarşılaşmanın keçiriləcəyi tarix və məkan barədə hələlik məlumat verilməyib.
Məlumata görə, bu möhtəşəm döyüşün Afrikada təşkil olunması ehtimalı var. Qarşılaşmanın mükafat fondu da hələ dəqiqləşməyib.
© Copyright 2026, All Rights Reserved