Mbappe Çempionlar Liqasında tarix yazdı və danışdı
“Real Madrid”in ulduzu Kilian Mbappe dünən Pireydə nümayiş etdirdiyi möhtəşəm oyunla Çempionlar Liqasının tarixinə daha bir iz qoyub.
90plus.az xəbər verir ki, Mbappe “Olimpiakos” qarşısında ardıcıl üç qolunu 22-ci, 24-cü və 29-cu dəqiqələrdə vuraraq turnir tarixinin ikinci ən sürətli het-trikini rəsmiləşdirib. Tarixi het-trik: cəmi 6 dəqiqə 42 saniyəyə vurulub!
Ondan daha sürətli het-trik yalnız Mo Salaha məxsusdur — misirli hücumçu “Reyncers”ə qarşı 6 dəqiqə 12 saniyəyə het-trik etmişdi.
Dörd qol, liderlik və rekordlar
Fransalı superulduz matçı ümumilikdə 4 qolla tamamlayaraq Çempionlar Liqasında cari mövsümün bombardiri olub — 9 qol. Bu göstərici ilə o, Viktor Osimhen-i də geridə qoyub.
“Komanda olmasa, bunların heç biri olmazdı”
Mbappe oyundan sonra Movistara açıqlamasında tərifi komanda yoldaşlarına ünvanladı:
“Həmişə qol vurmağa çalışıram. Bəzən alınır, bəzən yox, amma məqsəd komandaya hər cür kömək etməkdir. Mən çox şanslıyam ki, Vinisius, Arda Güler və digər belə oyunçularla oynayıram. Onlar mənə mükəmməl ötürmələr verirlər.”
Fransalı hücumçu dörd qol vurmasına baxmayaraq, diqqəti özü yox, komandanın üzərinə yönəltdi:
“Üç oyundur qalib gələ bilmirdik. Bu qələbə bizə çox lazım idi. Çox pis başladıq, çox top itkisi etdik, amma nəticəni aldıq.”
“Real Madrid” ilk mərhələni ilk 8-likdə bitirməyə köklənib.
Xabi Alonsonun ciddi itkilərlə meydana çıxan komandası Pireydəki 4–3 hesablı qələbə ilə xallarını 12-yə yüksəldib və Liqa mərhələsinin ilk 8-liyində mövqeyini möhkəmlədib.
Mbappe isə dünənki şou ilə bir daha göstərdi ki, hazırda Çempionlar Liqasının ən formda futbolçusudur.
© Copyright 2025, All Rights Reserved