Meksikada matç zamanı bombalar partdadı - FOTO
90plus.az xəbər verir ki, Meksikada ordu ilə kartel arasında davam edən silahlı qarşıdurmalar ölkədə ciddi təşvişə səbəb olub. Xüsusilə Jalisco Yeni Nəsil Karteli (CJNG) lideri, “El Menço” ləqəbli Nemesio Oseguera Cervantesin Meksika Ordusu tərəfindən zərərsizləşdirildiyi xəbərlərindən sonra vəziyyət daha da gərginləşib.
Məlumatlara görə, əməliyyat zamanı El Menço ilə yanaşı CJNG-nin azı 6 üzvü də öldürülüb. Bundan sonra kartellə əlaqəli qruplar ölkənin bir çox ştatında iğtişaşlar törədib, avtomobillər yandırılıb və silahlı insidentlər qeydə alınıb.
Ölkədə yaranmış xaos fonunda qadınlar liqasında keçirilən "Nekaksa" – "Kerétaro" oyunu zamanı da böyük panika yaşanıb. Stadion kənarından eşidilən partlayış səsləri səbəbindən futbolçular və hakimlər təşviş içində meydanı tərk ediblər.
Qarşılaşma təxminən 15 dəqiqə dayandırılıb. Hadisə anı canlı yayımda da əks olunub. Daha sonra vəziyyətin nisbətən sabitləşməsindən sonra oyun bərpa edilib və əlavə insident qeydə alınmadan başa çatıb.
Meksikada davam edən qarşıdurmaların həm ictimai həyata, həm də idman tədbirlərinə ciddi təsir göstərdüyü vurğulanır.
© Copyright 2026, All Rights Reserved