Messi azarkeşlərin hücumuna məruz qaldı - FOTO
ABŞ təmsilçisi “İnter Mayami” Ekvadorun “İndependiente del Valle” klubu ilə Porto Rikoda keçirdiyi hazırlıq oyununda 2:1 hesablı qələbə qazanıb. Lakin qarşılaşma təkcə nəticə ilə deyil, matçın sonlarında baş verən insidentlə də yadda qalıb.
90plus.az xəbər verir ki, görüşə fəal başlayan “İnter Mayami” hesabı 16-cı dəqiqədə Santi Moralesin qolu ilə açıb. Lakin “İndependiente del Valle” dərhal cavab verib və Patrik Merkuradonun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirib.
İkinci hissədə oyuna daxil olan Lionel Messi 70-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Matçın son dəqiqələrində isə arzuolunmaz hadisə yaşanıb. Bir neçə azarkeş təhlükəsizlik tədbirlərini aşaraq meydana daxil olub və Messiyə tərəf qaçıblar. Ulduz futbolçuya sarılmaq istəyən azarkeşlər təhlükəsizlik əməkdaşları tərəfindən uzaqlaşdırılarkən Messi yerə yıxılıb. Qısa müddətli şok yaşayan argentinalı futbolçu daha sonra ayağa qalxaraq oyunu davam etdirib.
Hadisə ilə bağlı əlavə təhlükəsizlik tədbirlərinin görüləcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved