Messidən etiraf: "Buna görə peşmanam"
Argentinalı ulduz futbolçu Lionel Messi milli komanda seçimi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, hazırda MLS təmsilçisi "İnter Mayami"də çıxış edən hücumçu Meksikada yayımlanan “Miro de Atras” podkastında karyerası və həyatındakı peşmanlıqları barədə danışıb.
Messi bildirib ki, gənc yaşlarında "Barselona"ya qoşulduğu üçün İspaniya millisində oynamaq şansı yaranıb. Onun sözlərinə görə, müəyyən dövrdə İspaniya tərəfindən təklif də edilib.
Ulduz futbolçu qeyd edib ki, inkişafının böyük hissəsini İspaniyada keçirsə də, seçimi hər zaman vətəni olub:
“Bir mərhələdə İspaniyadan mənə təklif gəldi. ‘Barselona’da oynayırdım və bu ehtimal var idi. Amma arzum hər zaman Argentina üçün çıxış etmək idi.”
Messi uzun illərdir Argentina millisinin şərəfini qoruyur və komanda ilə birlikdə 2022-ci ildə dünya çempionu olub.
Qətərdə keçirilən dünya çempionatında Argentina yığmasının ilk oyunda Səudiyyə Ərəbistanına məğlub olmasını xatırladan Messi həmin anları qorxu ilə yaşadıqlarını deyib. Onun sözlərinə görə, Meksika ilə oyun həlledici olub:
“Meksikanı məğlub etməsəydik, demək olar ki, turnirdən kənarda qalacaqdıq. Oyuna böyük qorxu ilə çıxmışdıq. 36 oyunluq məğlubiyyətsizlik seriyamız var idi, amma ilk matçı uduzmuşduq. Yenidən qazanmalı idik.”
Messi həmin görüşdə vurduğu qolun komandanı psixoloji cəhətdən rahatlatdığını və bundan sonra hər şeyin dəyişdiyini vurğulayıb.
38 yaşlı futbolçu həyatındakı ən böyük peşmanlığının ingilis dilini öyrənməmək olduğunu bildirib.
“Bir çox şeyə görə peşmanam. Amma ən böyüyü yaxşı təhsil almamaq və ingilis dilini öyrənməməkdir. Fürsətim var idi, amma etmədim. Çox böyük insanlarla birlikdə olmuşam, onlarla rahat danışa bilməyəndə özümü cahil kimi hiss etmişəm. Vaxtımı necə boşa xərclədiyimi düşünmüşəm.”
Beləliklə, "İnter Mayami"nin lideri həm milli komanda seçimi, həm də şəxsi həyatı ilə bağlı səmimi etirafları ilə gündəmə gəlib.