Mikel Arteta het-trik edən Ezeni öydü
Mikel Arteta qələbədən sonra Ebereçi Ezeni yerə-göyə sığdırmadı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 12-ci turunda “Arsenal”ın “Tottenhem” üzərində 4:1 hesablı qalibiyyətindən sonra Mikel Arteta həm matç, həm də komandasındakı durum barədə açıqlama verib.
Arteta ilk olaraq Ebereçi Ezenin transferinə toxunub:
“Mərkəzi direktorumuz Berta Ezeni komandaya gətirməkdə əla iş gördü. Çünki hazırda Qabriel, Haverz, Gyökereş, İisus, Ödeqor kimi oyunçularımız çatışmır. Martinelli və Madueke isə yenicə qayıdıblar. Allaha şükür ki, geniş heyətimiz var.”
İspan mütəxəssis Ezenin het-triki barədə də danışıb:
“Milli komanda oyunlarından sonra onun iki gün istirahəti vardı. Amma cəmi bir gün keçmişdi ki, məşq etmək istədiyini dedi. Daha da inkişaf etmək istəyirdi. Futbolçu həm belə talantlı, həm də bu səviyyədə istəkli olanda bu cür nəticələr ortaya çıxır.”
Arteta yay transfer pəncərəsində adı gedən Leandro Trossardın mümkün ayrılığı barədə yayılan xəbərlərə də aydınlıq gətirib:
“Trossardın ötən yay gedəcəyi heç vaxt gündəmdə olmayıb. Mən çox açıq şəkildə demişdim: heç bir şansı yoxdur. Onun necə futbolçu olduğunu bilirəm. Bu heyətin içində o, bizim üçün fərq yaradan oyunçulardandır.”
ℹ️ “Arsenal” hazırda turnir cədvəlinə 6 xallıq fərqlə başçılıq edir.
© Copyright 2026, All Rights Reserved