"Milan"ın futbolçusu 2 aylıq sıradan çıxdı
"Milan" - yarımmüdafiəçisi Ruben Loftus-Çikin təxminən 8 həftə meydanlardan kənarda qalacağını açıqlayıb.
90plus.az xəbər verir ki, İtaliya A Seriyasının 26-cı turunda "Parma" ilə oyunun (0:1) 8-ci dəqiqəsində Loftus-Çik cərimə meydançasına edilən ötürmədən sonra topu yumruqla uzaqlaşdıran Edoardo Corvi ilə toqquşub. İngiltərəli futbolçu yerə yıxılıb, boynu sabitlənərək xərəkdə meydandan çıxarılıb. Daha sonra onun üst çənəsinin dişləri daşıyan hissəsi – alveolyar çıxıntıda sınıq aşkarlanıb.
Klubun yaydığı məlumata görə, futbolçu əməliyyat olunub və cərrahi müdaxilə uğurla həyata keçirilib. Loftus-Çik artıq xəstəxanadan buraxılıb və vəziyyəti yaxşıdır. Təxmini bərpa müddəti 8 həftədir.
© Copyright 2026, All Rights Reserved