“Milan”ın oyunçusu “Dinamo”da!

Əlcəzair millisinin üzvü İsmail Bennaser karyerasında yeni səhifə açır. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında Xorvatiya çempionatının lideri “Dinamo” Zaqrebin heyətinə qoşulub. Müqavilədə satınalma bəndi də yer alır. Klub bu keçidi rəsmi saytında təsdiqləyib.
90plus.az xəbər verir ki, Bennaser yaxın günlərdə tibbi müayinədən keçmək, həmçinin yeni komanda yoldaşları və azarkeşlərlə görüşmək üçün Zaqrebə gələcək.
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Dinamo” transferi yüksək qiymətləndirib:
“Bennaser dəyərli transferdir. Onun oyun zəkası və yüksək səviyyədəki təcrübəsi komanda üçün böyük üstünlük olacaq” – klubun bəyanatında deyilir.
Əlcəzairli oyunçu Avropada uğurlu karyera qurub. O, indiyədək “Turs”, “Empoli”, “Milan” və son olaraq “Marsel”də çıxış edib. Ümumilikdə 323 peşəkar oyunda forma geyinib, bunların 174-ü A Seriyadadır. Bennaser 2022-ci ildə “Milan”la Skudetto qazanıb, növbəti mövsümdə isə Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Millidə də uğurlu karyerası var – 50 oyun keçirib, 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub və turnirin ən yaxşı futbolçusu seçilib.
Bu transfer Bennaser üçün yeni başlanğıc ola bilər – daha çox oyun praktikası, daha az media təzyiqi və 2025-ci ildə Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna ideal hazırlıq imkanı.
Zaqrebdə o, həmvətəni Monsef Bakrarla birgə çıxış edəcək və vaxtilə “Dinamo”nun hücum xəttini parıldadan Hilal Soudaninin yolunu davam etdirəcək.
© Copyright 2025, All Rights Reserved