Milli komandamız Xankəndində oynaya bilər

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ölkədə inşa edilən futbol stadionlarının vəziyyəti barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, o, "CBC Sport" telekanalına verdiyi müsahibədə öncə Xankəndi şəhər stadionunda aparılan yenidənqurma işlərinə toxunub:
"Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi 3-cü MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək. Daha sonra da orada işlərimiz davam edəcək."
Nazir gələcək illərdə Xankəndi stadionunun UEFA kateqoriyasını qazanmasının əhəmiyyətini xüsusi vurğulayıb. Məqsəd həm milli komandamızın, həm də digər kollektivlərin orada oyunlar keçirməsini təmin etməkdir.
Qayıbov Gəncə şəhər stadionunda aparılan tikinti prosesindən də danışıb: "Ölkə rəhbərliyi tərəfindən qərar verildi ki, Gəncə şəhər stadionu yenidən qurulsun. Buna böyük ehtiyac var idi. Məlum olduğu kimi, "Kəpəz" komandası artıq bir neçə ildir ev oyunlarını Gəncədə keçirə bilmir. Çünki stadion tamamilə yararsız vəziyyətə düşmüşdü. Təxminən iki ildir ki, bu stadionun inşası davam edir. MDB Oyunlarının açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda təşkil olunacaq. Məncə, bu stadion Azərbaycanın ən müasir futbol arenalarından biri olacaq. O, yüksək standartlara cavab verəcək. Bu idman qurğusu şəhərin simvollarından birinə çevrilə bilər. Gəncə şəhər stadionu UEFA standartlarına uyğun bir arena olacaq."
Qeyd: 3-cü MDB Oyunları 2025-ci ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil ediləcək. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda keçiriləcək.