Santuş: "Futbolçular xalqımızı sevindirmək istəyir"

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda keçiriləcək İslandiya - Azərbaycan qarşılaşması öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb.
90plus.az sizi Santuşun oyun öncəsi fikirləri ilə tanış edir:
“Sabah seçmə mərhələdəki ilk görüşümüz olacaq. Hər kəs debut matçında uğurlu nəticə əldə etmək istəyir. Rəqib komandayı diqqətlə analiz etmişik, çox yaxşı təşkilatlanıb. Topa nəzarət etməyi sevən bir kollektivdir.
İslandiya millisi haqqında bütün məlumatları futbolçulara təqdim etmişəm. Oyun ərzində asanlıqla təslim olmurlar, həmçinin yerli azarkeşlərin dəstəyini daim hiss edirlər.
Çoxsaylı yüksək səviyyəli çempionatlarda oynayan təcrübəli futbolçuları var. Millinin əsas heyətini ölkə xaricində çıxış edən oyunçular təşkil edir. Lakin biz də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Sabahkı oyuna tam hazır olacağıq.
Ən önəmlisi futbolçularımızın böyük həvəs və motivasiya ilə meydana çıxmasıdır. Onların hər biri Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyir.
Əminliklə söyləyə bilərəm ki, həm sabah, həm də gələcək matçlarda komandamız qalib gəlmək və tarix yazmaq üçün bütün gücünü ortaya qoyacaq”.
© Copyright 2025, All Rights Reserved