Miloş Kerkez: “Liverpul”un yeni ulduzu!

“Miloş Kerkez “Liverpul”da – rəsmi transfer tamamlandı”!
90plus.az xəbər verir ki, “Liverpul” yay transfer dönəmində üçüncü böyük keçidini rəsmiləşdirib. Klub İngiltərənin “Bornmut” komandasından Macarıstan millisinin sol cinah müdafiəçisi Miloş Kerkezi transfer etdiyini açıqlayıb.
21 yaşlı futbolçu “Liverpul”la 5 illik müqavilə imzalayıb. Transferin məbləği təxminən 47 milyon avro göstərilir. Kerkez bu yay “Liverpul”un transfer etdiyi üçüncü əsas futbolçudur — ondan öncə Jeremi Frimponq və Florian Virts “Enfild”ə gəlmişdilər.
Kerkez keçidi ilə bağlı bunları deyib:
“Transfer rəsmiləşməmişdən əvvəl göstərilən bu sevgiyə görə hamıya təşəkkür edirəm. Komandanı hər zaman dəstəkləyin, çünki siz dünyanın ən böyük azarkeşlərisiniz. Mən bu klubla kuboklar qazanmaq üçün hər şeyimi ortaya qoyacağam. Ümid edirəm ki, “Enfild”də qollar da vuraram. Artıq səslərinizi eşitmək üçün səbirsizlənirəm”.
Kerkez karyerasına Macarıstanın “Dyör” klubunda başlayıb. Daha sonra “Milan”ın akademiyasına keçsə də, əsas komandada şans qazana bilməyib və Niderlandın AZ “Alkmaar” klubuna transfer olunub. 2022/23 mövsümündə AZ-da parlaq çıxışı “Bornmut”un diqqətindən yayınmayıb və Premyer Liqaya keçidi baş tutub.
Geridə qalan 2024/25 mövsümündə Premyer Liqada bütün oyunlara start heyətində çıxan Kerkez 2 qol vurub, 6 qolun ötürməsini verib. Onun “Liverpul”dakı ilk rəsmi oyunu avqustun 10-da “Kristal Pelas”a qarşı keçiriləcək İngiltərə Superkuboku matçında baş tuta bilər.
Kerkez: “Mənim üçün heç bir tərəddüd yox idi. Başqa yerə getmək istəmirdim, yalnız “Liverpul”. Bu, mənim üçün böyük şərəf və qürurdur. İngiltərənin ən böyük klubunda oynamaq bir imtiyazdır. Artıq buradayam, çox sevincliyəm və həyəcanlıyam. May ayından etibarən işlərin ciddi getdiyini hiss edirdim. Nə qədər ki “Liverpul” maraq göstərir, rahatlıq tapmaq mümkün deyil. Məncə, bu hər uşağın arzusudur – bir gün “Liverpul” oyunçusu olmaq”.