“Monako” futbolçuları təyyarədən yarıçılpaq düşdülər

“Monako” futbolçuları Çempionlar Liqası öncəsi vəziyyətdə təyyarədən düşməli olub.
90plus.az xəbər verir ki, “Monako” klubunun futbolçuları Çempionlar Liqasının ilk turu ərəfəsində gözlənilməz hadisə ilə üzləşiblər. Komandanın Belçikaya, “Brügge” ilə oyuna gedən təyyarəsi texniki səbəbdən məcburi eniş edib.
Problem təyyarənin kondisioner sistemində yaranıb. Nəticədə salonun içi dözülməz dərəcədə isti olub və futbolçular sərinləmək üçün paltarlarını çıxarmağa məcbur qalıblar. Müdafiəçi Cordan Tezenin çəkdiyi görüntülərdə oyunçuların yalnız alt paltarında oturduqları, üzərilərindən tər axdığı görünür.
Komanda sonda təyyarədən enərək hava limanının perronunda havaya çıxıb. Bu isə azarkeşlərin gülüşünə səbəb olan qeyri-adi mənzərə yaradıb.
Baş məşqçi Adi Hütter hadisədən sonra açıqlama verərək, səyahətin təhlükəsizlik səbəbi ilə təxirə salındığını bildirib:
“Texniki səbəbdən uçuş mümkün deyildi, çünki hər kəsin təhlükəsizliyi təmin olunmurdu. Buna görə rəhbərliklə birlikdə qərara gəldik ki, səfəri sabaha keçirək”.
“Monako”nun heyəti yalnız oyun günü – cümə axşamı səhər saatlarında Belçikaya yollanacaq və matçdan öncə çox az hazırlıq vaxtı olacaq.
Komanda Çempionlar Liqasının ilk görüşünü “Brügge”yə qarşı Bakı vaxtı ilə saat 19:45-də keçirəcək.
© Copyright 2025, All Rights Reserved