Mourinyo 1 ssantimetrlik ofsayta etiraz etdi
90plus.az xəbər verir ki, Portuqaliya Liqa Kubokunun 1/4 final mərhələsində keçirilən "Benfika" – "Tondela" qarşılaşmasında ev sahibi komandanın vurduğu qollardan birinin cəmisi 1 santimetrlik fərq səbəbindən ofsayt sayılaraq ləğv edilməsi ölkədə böyük rezonans doğurub.
"Benfika"nın baş məşqçisi Joze Mourinyo matçdan sonra vəziyyətə sərt reaksiya verib və qərarın düzgünlüyünə şübhə ilə yanaşıb.
Lissabonun "Luç" stadionunda baş tutan oyunda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib və yarımfinal mərhələsinə yüksəlib. Qolları 41-ci dəqiqədə penaltidən Nikolas Otamendi, 83-cü dəqiqədə Dodi Lukebakio və 90+5-ci dəqiqədə Vanqelis Pavlidis vurub.
Gecənin ən çox müzakirə olunan anı isə 48-ci dəqiqədə yaşanıb. "Benfika"nın hücumçusu Dodi Lukebakionun vurduğu qol, yarı avtomatik ofsayt sistemi tərəfindən cəmi 1 santimetrlik fərq səbəbindən ofsayt sayılıb. Sistem Lukebakionun "Tondela" müdafiəçisi Remi Vitadan azacıq irəlidə olduğunu qeydə alıb və qolu etibarsız hesab edib.
Matçdan sonra Joze Mourinyo qərarın dəqiqləşdirilməsi üçün çox vaxt sərf olunduğunu deyib:
“1 santimetr fərqlə ləğv olunan qol, əslində çox gözəl qol idi. Amma onun etibarlı olub-olmadığını müəyyənləşdirmək üçün o sonsuz gözləmə prosesi oyunun ritmini tamamilə pozdu,” – deyə Mourinyo bildirib.
Portuqaliya mətbuatı və azarkeşlər VAR sisteminin bu qədər həssas ölçmələrə əsaslanmasını müzakirə edir və bu epizodun Liqa Kuboku tarixində ən dəqiq ofsayt qərarlarından biri olduğunu qeyd edir.
© Copyright 2025, All Rights Reserved