Məşhur boksçu ağır yol qəzası yaşadı
Britaniyalı ağır çəkili boksçu Entoni Coşua Nigeriyada baş verən ağır yol qəzasında xəsarət alıb. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
90plus.az xəbər verir ki, sabiq dünya çempionu Laqos yaxınlığında yerləşən əsas magistrallardan birində baş verən qəzada avtomobildə sərnişin olub. Məlumata görə, onun içində olduğu “Lexus” markalı avtomobil yol kənarında dayanan yük maşınına çırpılıb. Qəza bu gün yerli vaxtla təxminən saat 12:00-da qeydə alınıb.
Qəzada ümumilikdə beş kişi iştirak edib. Onlardan ikisi hadisə yerində ölüb. Yerli rəsmilər ölən şəxslərin hər ikisinin xarici ölkə vətəndaşı olduğunu bildiriblər.
Entoni Coşua və avtomobilin sürücüsü boksçunun mühafizəçiləri tərəfindən xilas edilib. Hadisə yerindən yayılan videolarda 36 yaşlı Coşuanın tamamilə yararsız hala düşmüş yolsuzluq avtomobilinin arxa oturacağından çıxarılmasına kömək edildiyi görünür.
Araşdırmalara görə, “Lexus”un icazə verilən sürət həddini aşdığı ehtimal olunur. Avtomobil ötmə manevri zamanı idarəetməni itirib və yol kənarında dayanan yük maşınına çırpılıb.
© Copyright 2026, All Rights Reserved