Məşhur futbolçulardan UEFA-ya çağırış: “İsraili Avropa futbolundan kənarlaşdırın”
Dünya futbolunun tanınmış oyunçuları və insan hüquqları təşkilatları UEFA prezidenti Aleksander Seferinə məktub göndərərək, “İsrailin dərhal Avropa futbolundan uzaqlaşdırılmasını” tələb ediblər.
90plus.az xəbər verir ki, məktubu “Game Over Israel” təşkilatı hazırlayıb və Athletes 4 Peace, The Gaza Tribunal və The Hind Rajab Foundation tərəfindən dəstəklənir.
Məktuba, Fransa millisində Dünya Kuboku qazanan Paul Pogba, bir müddət “Qalatasaray”da çıxış etmiş Fas ulduzu Hakim Ziyeş, İspaniya kanadı Adama Traore və Hollandiya forveti Anvar El Qazi də daxil olmaqla 70-dən çox məşhur idmançı imza atıb.
Məktubda vurğulanır:
“Futbol heç kəsin deyil. Əslində, hər kəsin haqqıdır, çünki futbol bizim ümumi mirasımızın bir hissəsidir.”
Məktubda qeyd olunur ki, İsrailin Avropa futbolunda hələ də iştirakına icazə verilməsi, idmanın ruhuna və mənasına zərər verə bilər. UEFA-dan İsraili dərhal Avropa futbolundan kənarlaşdırmaq, hüquqi və mənəvi öhdəliklərini yerinə yetirmək tələb olunur:
“Heç bir beynəlxalq səhnə, arena və ya platforma soyqırım, apartheid və digər insanlıq cinayətlərini törədən bir rejimi qəbul etməməlidir.”
Bundan əlavə, məktubda İsrail komandalarına beynəlxalq turnirlərdə iştirak və maliyyə dəstəyi verilməsinin onların insan hüquqları pozuntularını asanlaşdırdığı qeyd olunur və UEFA-dan emsal nümunələri izləyərək İsraili dərhal men etməsi tələb edilir.
© Copyright 2025, All Rights Reserved