Muslera qərarını dəyişdi - O geri döndü
"Qalatasaray"ın sabiq qapıçısı Fernando Muslera yenidən Uruqvay millisinin heyətinə qayıdıb.
90plus.az xəbər verir ki, təxminən 4 illik fasilədən sonra milliyə dəvət alan təcrübəli qolkiper yenidən “seleste” formasını geyinməkdən məmnun olduğunu bildirib.
39 yaşlı qapıçı hazırda "Estudiantes" klubunun formasını geyinir. Karyerası ərzində "Latsio" və uzun illər "Qalatasaray"da çıxış edən Fernando Muslera milli komandaya dönüşü ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Təcrübəli futbolçu bildirib: “Bu dəvətə görə çox xoşbəxtəm. Son dörd ildə şəxsi həyatımda bir çox şey yaşadım və bu, qərarımı dəyişərək milli komandanın qapılarını yenidən açmağıma səbəb oldu”.
Uruqvay Futbol Assosiasiyasının bazasındakı yeniliklərə də toxunan qolkiper şəraitdən razı qaldığını vurğulayıb: “Buradakı şərait çox gözəldir, yenilənib və inkişaf edir. Bu, Uruqvay futbolunun evidir. Gənc oyunçuların inkişafı üçün hər şey düşünülüb. Dörd ildir görmədiyim insanlarla yenidən bir araya gəlmək məni çox sevindirir”.
Millidəki rolu barədə danışan Fernando Muslera baş məşqçi Marselo Byelsanın rəhbərliyi altında komandasına təcrübəsi ilə fayda vermək istədiyini bildirib: “İllər ərzində qazandığım təcrübəni komanda yoldaşlarımla bölüşmək istəyirəm. Güclü nəsil formalaşıb. Amma yaşım və karyeram baxımından artıq liderlik rolunu daşımaqdan zövq almalıyam”.
Qapıçı həmçinin qeyd edib ki, yenidən dəvət alacağı halda karyerasında beşinci dəfə dünya çempionatında iştirak edə bilər. O, millidəki rəqabət barədə danışarkən Serxio Roçet ilə münasibətlərinin yaxşı olduğunu və əsas məqsədin Uruqvay qapısının etibarlı əllərdə olması olduğunu bildirib.
© Copyright 2026, All Rights Reserved