Nə "Sportinq" israrından dönür, nə "Arsenal"

"Sportinq" və "Arsenal" arasında Gyökeres transferi dalana dirəndi.
90plus.az xəbər verir ki, "Sportinq" ilə "Arsenal" arasında Viktor Gyökeresin transferi ilə bağlı aparılan danışıqlar dayanma nöqtəsinə çatıb. Tərəflər arasında davam edən fikir ayrılığı yalnız klubları deyil, oyunçunun ailəsini də emosional cəhətdən təsirləndirib. İsveçli hücumçunun atası transferin baş tutacağına ümidini itirərək cümə gecəsi göz yaşlarına boğulub.
"Arsenal"ın təklif şərtlərini dəyişməməsi və "Sportinq"in tələblərindən geri çəkilməməsi prosesi çıxılmaz vəziyyətə salıb. "Sportinq"in prezidenti Federiko Varandaş 10 milyon avroluq bonusların "asan əldə edilə bilən" olması şərtində israr edir, lakin "Arsenal" bu məbləği maksimum 5 milyon avroya endirmək istəyir.
"Hasan Çetinkaya öz payından imtina etdi"
İki klub arasında 63,5 milyon avroluq sabit transfer haqqı barədə şifahi razılıq əldə edilsə də, bonus məsələsindəki fikir ayrılığı səbəbindən hələ də müqavilə imzalanmayıb. Futbolçunun meneceri Hasan Çetinkaya transferin baş tutması üçün öz payından (10 faiz) imtina edib.
"Atasının göz yaşları təzyiq strategiyasıdır"
"Sportinq" tərəfi futbolçunun atasının göz yaşlarını "təzyiq strategiyası"nın bir hissəsi kimi dəyərləndirir. Digər tərəfdən, "Arsenal" 27 yaşlı hücumçunu planlaşdırılan Asiya turuna daxil etməyib. London təmsilçisi Sinqapur və Honkonqda "Milan", "Nyukasl" və "Tottenhem"lə qarşılaşacaq.
Qeyd: Viktor Gyökeresin "Sportinq" ilə 2028-ci ilin iyun ayına qədər müqaviləsi var. İsveçli oyunçunun təxminən bir həftədir məşqlərə qatılmaması isə klub tərəfindən hələ rəsmi şəkildə intizam məsələsinə çevrilməyib.
© Copyright 2025, All Rights Reserved