Nagelsmandan Ter Ştegen açıqlaması - "Getməyəcək"
“Barselona”dan “Jirona”ya icarə əsasında keçən Mark-Andre ter Ştegen zədələr səbəbindən Dünya Kuboku arzularını təxirə sala bilər.
90plus.az xəbər verir ki, 33 yaşlı alman qapıçı uğursuz mövsüm keçirir. O, “Barselona” və “Jirona” forması ilə ümumilikdə cəmi üç oyunda meydana çıxıb. Bel nahiyəsindən əməliyyat olunduqdan sonra mövsümün ilk yarısının böyük hissəsini buraxan təcrübəli qolkiper, “Jirona”ya keçidindən sonra iki matçda oynasa da, daha sonra bud arxa əzələsini zədələyib.
Məlumata görə, ter Ştegenin aprel ayından əvvəl yaşıl meydanlara qayıtmaq ehtimalı çox aşağıdır. Bu isə yayda keçiriləcək Dünya Kuboku öncəsi hazırlaşmaq üçün onun cəmi bir neçə həftəsinin qalacağı anlamına gəlir.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann da məsələyə münasibət bildirib. O, qapıçı ilə bağlı qərarın çətin olduğunu etiraf edib:
“Qapıçı mövqeyi ilə bağlı nəzərə alınmalı üç məqam var. Bu, faciəvi zədədir və buna görə çox üzgünəm. Onu tamamilə siyahıdan silməyəcəyəm, çünki növbə onundur. Həm onun, həm də bizim üçün doğru qərarı verməliyik. Amma hazırda durum əlverişli deyil.”
Beləliklə, ter Ştegen üçün yaş amili baxımından son böyük turnir sayılan Dünya Kubokunda iştirak məsələsi ciddi sual altındadır. Yekun qərarın futbolçunun bərpa prosesindən asılı olacağı bildirilir.
© Copyright 2026, All Rights Reserved