"Napoli" Hoylundu 50 milyona alıb, 85 milyona sata bilər
Rasmus Hoylundun “Napoli” müqaviləsində 85 milyon avroluq bənd yer ala bilər.
90plus.az xəbər verir ki, hazırda Rasmus Hoylund “Mançester Yunayted”dən icarə əsasında “Napoli”də çıxış edir. Razılaşmaya əsasən, Neapol klubu futbolçunu 50 milyon avro qarşılığında almaq hüququna malikdir. “Napoli” növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, bu bənd avtomatik olaraq məcburi transferə çevriləcək.
“Napoli” hazırda A Seriyasında üçüncü pillədə qərarlaşıb və çempionluq uğrunda gərgin mübarizənin içindədir. Bundan əlavə, A Seriyasının gələn mövsüm üçün əlavə Çempionlar Liqası yeri qazanmaq ehtimalı da var ki, bu da Hoylundun daimi transferini sürətləndirə bilər.
Corriere dello Sport nəşrinin məlumatına görə, “Napoli”nin Hoylundu tam heyətə qatacağı halda, müqaviləyə 85 milyon avro məbləğində sərbəstqalma maddəsi daxil edilə bilər. Həmin bəndin 2027-ci ilin yayından etibarən aktiv olması planlaşdırılır.
Danimarkalı hücumçu 2025/26 mövsümünə uğurlu start verib. Hoylund bütün turnirlər üzrə keçirdiyi 20 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib. O, bununla da ötən mövsüm çempionatdakı ümumi qol sayını artıq indidən geridə qoyub.
© Copyright 2026, All Rights Reserved