“Napoli” son saniyə qolu ilə uddu!

A Seriya çempionu və "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi “Napoli” mövsümün ilk ev oyununda “Kalyari”yə qarşı qələbəni demək olar ki, son saniyələrdə qopara bildi: 1-0!
90plus.az xəbər verir ki, 95-ci dəqiqədə Stanislav Lobotkanın aşağı ötürməsini Andrey-Frank Zambo Anquissa dərhal dəqiq zərbə ilə qapıya göndərdi. Bu qol baş məşqçi Antonio Konte və “Napoli”nin ehtiyat skamyasında böyük sevinc doğurdu. Çünki meydan sahibləri oyunboyu rəqibin müqavimətini qıra bilmirdilər.
İlk hissədə az sayda qol şansı yaranmışdı. Skott Maktominey fasiləyə az qalmış rəqib müdafiəçilərini keçərək yaxşı vəziyyətə çıxdı, lakin “Kalyari”nin qapıçısı Elia Kaprile zərbəni dəf etdi. “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Maktominey, hansı ki, “Qızıl top” siyahısında yer alır, ardıcıl ikinci dəfə sol cinahda oyuna başladı.
28 yaşlı futbolçu yayda komandaya qoşulan və bu stadionda ilk ev oyununa çıxan sabiq “Mançester Siti”li Kevin de Bruyne ilə birlikdə start heyətində idi.
“Napoli” ilk hissədə topa 62,5% nəzarət etdi və rəqib cərimə meydançasında 17 toxunuş reallaşdırsa da, qapı qarşısında ciddi imkanlar tapa bilmədi. Fasilədən sonra da hücumlarını davam etdirən meydan sahiblərindən Leonardo Spinatsola yaxın küncə vurduğu güclü zərbədə Kaprileni keçə bilmədi.
Maktominey isə üç xalı möhtəşəm “qayçı” zərbəsi ilə gətirə bilərdi, amma top müdafiəçiyə dəyib kənara çıxdı.
Elə bu anlarda heç-heçəyə razılaşmalı olduqları görünən Neapol təmsilçisini Lobotka xilas etdi. 200-cü oyununa çıxan slovakiyalı yarımmüdafiəçi Anquissaya qələbə qolunu gətirən ötürməni verdi.
Beləliklə, “Sassuolo” ilə açılış turunda qələbə qazanan “Napoli” ikinci oyunda da qalib gəldi və “Kremoneze” ilə “Roma”nın ardınca iki turdan maksimum nəticə göstərən komandalar sırasına qoşuldu.