NBA “All-Star” formatını dəyişdi: Yeni dövrdə üç komandadan ibarət sistem
NBA rəhbərliyi bu mövsümdən etibarən uzun müddətdir müzakirə olunan “All-Star” oyun formatında köklü dəyişikliyə gedib.
90plus.az xəbər verir ki, 15 fevralda Los-Ancelesdə, “Klippers” klubunun yeni arenası “Intuit Dome”da keçiriləcək tədbirdə, ənənəvi iki komandadan ibarət qarşılaşma üç komandalı quruluşa çevriləcək.
Yeni konsepsiyaya əsasən, bu il “All-Star” oyunu “ABŞ” və “Dünya” komandaları prinsipi ilə təşkil olunacaq.
Yeni sistemdə ümumilikdə səkkiz oyunçudan ibarət üç komanda mübarizə aparacaq. Komandalardan ikisi amerikalı basketbolçulardan, üçüncüsü isə beynəlxalq səviyyədə çıxış edən ulduzlardan — yəni “Dünyanın qalan hissəsi” komandasından ibarət olacaq.
Matç dörd hissədən ibarət mini oyun formatında oynanacaq. Əvvəlcə üç komanda öz aralarında qarşılaşacaq, ardınca isə bu mərhələnin iki qalibi final xarakterli son oyunda üz-üzə gələcək.
Basketbolçuların seçimi əvvəlki illərə bənzər şəkildə həyata keçiriləcək. Hər konfransdan beş əsas oyunçu və yeddi ehtiyat seçiləcək. Əsas beşliklərə fanat səsverməsinin 50 faizi, media və oyunçuların səslərinin isə hər birinin 25 faizi təsir göstərəcək.
Ən mühüm yeniliklərdən biri isə odur ki, bu ildən etibarən basketbolçular mövqelərindən asılı olmayaraq seçiləcəklər.
Yeni qaydaya görə, ümumilikdə 24 oyunçu (16 ABŞ, 8 Dünya) “All-Star”da iştirak edəcək. Əgər səsvermə nəticəsində iki ABŞ və bir Dünya komandasını tam formalaşdırmaq mümkün olmasa, NBA komissarı Adam Silver balansı təmin etmək üçün heyətlərə birbaşa müdaxilə edə biləcək.
NBA rəhbərliyi bu dəyişikliklə “All-Star” oyununu daha dinamik və rəqabətli etmək, eyni zamanda ABŞ və beynəlxalq ulduzlar arasında daha maraqlı qarşıdurma yaratmağı hədəfləyir.