NBA-nin ulduzu üçün mövsüm başa çatdı
"Los-Anceles Leykers"in ulduzu mövsümün qalan hissəsini buraxacaq.
90plus.az xəbər verir ki, Amerika Basketbol Liqasının (NBA) "Los-Anceles Leykers" klubunda çıxış edən Luka Donçiç zədə səbəbindən normal mövsümün qalan oyunlarında iştirak edə bilməyəcək.
Klubun yaydığı açıqlamada bildirilib ki, dün "Oklahoma Siti Tander"ə qarşı keçirilən oyunu yarımçıq tərk edən 27 yaşlı sloven basketbolçunun sol arxa əzələsində ikinci dərəcəli gərilmə aşkarlanıb.
Buna görə də Donçiç Qərb Konfransında üçüncü pillədə qərarlaşan "Los-Anceles Leykers"in normal mövsümdə keçirəcəyi son 5 oyunda parketə çıxa bilməyəcək.
Qeyd: Bu mövsüm 64 oyunda forma geyinən ulduz basketbolçu 33,5 xal, 8,3 assist və 7,7 ribaund orta göstəriciləri ilə çıxış edib. Donçiç bu səbəbdən mövsümün sonunda təqdim olunan “ilin ən yaxşı beşliyi” və “ən dəyərli oyunçu” mükafatlarına namizəd olmaq şansını cəmi 1 oyun fərqi ilə itirəcək.
Sloveniyalı oyunçunun meneceri Bill Daffi isə bu mükafatlara namizədlik üçün tələb olunan minimum 65 oyun şərtinə etiraz edəcəklərini açıqlayıb.
Xatırlatma: Donçiç dekabr ayında ikinci övladının doğumu ilə əlaqədar Sloveniyaya getdiyi üçün iki oyunu buraxmış, ötən həftə isə ümumilikdə 16 texniki faul topladığına görə bir oyunluq cəza almışdı.
© Copyright 2026, All Rights Reserved