NBA və Avropa basketbolda eyni liqa yaradır

90plus.az xəbər verir ki, Amerika Milli Basketbol Assosiasiyası – NBA və Beynəlxalq Basketbol Federasiyası – FIBA Avropada yeni basketbol liqasının yaradılması istiqamətində işləri sürətləndirib. Mundo Deportivo nəşrinin yaydığı məlumata görə, layihənin 2028-ci ildən etibarən reallaşdırılması nəzərdə tutulur.
Yeni liqa 16 komanda ilə başlayacaq və bu turnirin əsas prinsiplərindən biri FIBA-nın təşkil etdiyi milli oyunlar təqviminə hörmətlə yanaşmaq olacaq. Bu məsələ NBA və FIBA arasında əməkdaşlığın baş tutması üçün əsas şərt kimi göstərilib.
NBA komissarı Adam Silver və FIBA baş katibi Andreas Zaklis layihənin inkişafı üçün sıx əməkdaşlıq edir. Onların rəhbərliyi altında yeni liqanın əsas strukturu müəyyənləşdirilib və əsas məqsədlərdən biri Avropa basketboluna daha əvvəl görünməmiş iqtisadi potensial qazandırmaqdır.
Xəbərdə bildirilir ki, iqtisadi davamlılığı təmin etmək üçün Avropanın əsas paytaxt şəhərlərinin komandalarına xüsusi dəvətlər göndəriləcək. Lakin iştirak əsasən idman uğurlarına əsaslanacaq. Yəni, bəzi istisna hallarda daimi iştirak lisensiyaları nəzərdən keçirilsə də, ümumi sistem idman prinsipləri üzərində qurulacaq.
Qeyd olunur ki, mövcud Avroliqa sistemi bu meyarlara cavab vermədiyi üçün layihəyə daxil edilməyəcək.
Yeni liqa milli çempionatların mövcud strukturlarına zərər verməyəcək, əksinə onların gücləndirilməsini dəstəkləyəcək. Turnir sisteminin əsasları arasında rəqabət balansı, oyuncu maaşlarının nəzarəti və maliyyə fair-play qaydalarına uyğunluq da xüsusi yer tutacaq.
© Copyright 2025, All Rights Reserved