“Neftçi” “Kayrat”ı darmadağın etdi
Əbu-Dabidə keçirilən qış hazırlıq toplanışını davam etdirən “Neftçi” 2026-cı ilin ilk sınaq matçına çıxıb.
90plus.az xəbər verir ki, Bakı təmsilçisi yoxlama oyununda Qazaxıstanın son çempionu “Kayrat”la üz-üzə gəlib və qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Görüşün taleyi ikinci hissədə həll olunub. Hesabı 67-ci dəqiqədə Ağadadaş Salyanski açıb. Oyunun son dəqiqələrində üstünlüyünü daha da möhkəmləndirən “Neftçi”nin heyətində 89-cu dəqiqədə Vensan Abubakar fərqlənib. Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Murad Məmmədov qoyub.
Paytaxt klubu Əbu-Dabi toplanışı çərçivəsində daha iki yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 12-də Misir, 16-da isə Çin təmsilçisi ilə qarşılaşacaq. Son sınaq matçından sonra komanda yanvarın 17-də Bakıya qayıdacaq.
Qeyd: "Neftçi” Premyer Liqada qış fasiləsinə 20 xalla 8-ci pillədə yollanıb. “Kayrat” isə Qazaxıstan Premyer Liqasının son çempionudur. Klub tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Almatı təmsilçisi hazırda turnir cədvəlinin son sırasında – 36-cı pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved