Neymar Vinisiusa dəstək verdi: “Rəqsim onun üçün idi”
Braziliyalı superulduz Neymar “Santos”un heyətində vurduğu qoldan sonra etdiyi qol sevinci ilə diqqət mərkəzinə düşüb. Təcrübəli futbolçu qarşılaşmadan sonra bu jestinin səbəbini açıqlayıb.
90plus.az xəbər verir ki, ötən həftə UEFA Çempionlar Liqasında keçirilən “Benfika” – “Real Madrid” matçında qol vurduqdan sonra rəqs edən Vinisius Juniorun irqçiliyə məruz qalması futbol ictimaiyyətində geniş rezonans doğurmuşdu. Hadisə ilə bağlı iddialar İtaliya əsilli futbolçu Canluka Prestyanni ilə yaşanan müzakirələr fonunda daha da böyümüşdü.
Başda “Real Madrid” futbolçuları olmaqla bir çox futbol xadimləri Vinisiusa açıq dəstək nümayiş etdirmişdi. Braziliya millisinin simvol oyunçularından olan Neymar da həmrəyliyini fərqli formada göstərib.
“Santos”un son liqa oyununda fərqlənən Neymar qol sevincini məhz Vinisiusun məşhur rəqsi ilə qeyd edib. Oyun sonrası açıqlamasında ulduz futbolçu bu sözləri deyib:
“Rəqsim Vinisius Junior üçün idi. O, irqçiliyə məruz qalanda ona dedim ki, ‘Qol vuranda eyni cür qeyd etməyə davam et. Çünki mən də qol vursam, eynisini edəcəyəm’.”
Neymarın bu addımı sosial şəbəkələrdə geniş dəstək qazanıb və futbol ictimaiyyəti tərəfindən həmrəylik nümunəsi kimi qiymətləndirilib.
© Copyright 2026, All Rights Reserved