Neymar: “Yenidən doğulsaydım, eyni yolu seçərdim”
Neymar: “Futbol mənim həyatımı xilas etdi” – emosional etiraflar...
90plus.az xəbər verir ki, braziliyalı ulduz futbolçu Neymar uşaqlıq illəri, ailəsinin çəkdiyi əziyyətlər və futbola olan sevgisi haqqında çox emosional açıqlamalar verib.
Ulduz futbolçu bildirib ki, ailəsi onun futbolçu olması üçün çox böyük çətinliklərdən keçib:
“Atam bütün günü işləyirdi və bəzən yenə də pul çatmırdı. Güclü yağış yağanda evə su dolmaması üçün vedrələrlə ora-bura qaçırdıq.
Bəzən anam – mən və bacım ac qalmayaq deyə özü yemək yemirdi. Mən bunu görürdüm, heç nə demirdim, amma ürəyimdə hiss edirdim.
Mənə ilk butslarımı aldıqları gün bizim üçün bayram idi. Onları çıxarmaq istəmirdim, hətta yatanda belə.”
Neymar həmçinin bildirib ki, bir dəfə seçim turuna gedə bilməsi üçün atası hətta maşınını satıb.
“Bir dəfə seçim turuna gedə bilim deyə atam maşını satdı. Mənə dedi: ‘Mən sənə inanıram.’”
Braziliyalı futbolçu peşəkar karyerasında ilk müqaviləsini “Santos” klubu ilə imzalayanda bütün ailəsinin ağladığını deyib:
“‘Santos’la ilk müqaviləmi imzalayanda hamımız ağladıq. Anam məni qucaqlayıb dedi: ‘Təslim olmadığın üçün sənə təşəkkür edirəm.’”
Neymar bildirib ki, uğura gedən yol heç vaxt asan olmayıb – zədələr, tənqidlər və çətin günlər çox olub.
“Amma bu yol heç vaxt asan olmadı. Çox çətin günlər gördüm, çox yıxıldım, çox sınadılar məni. Zədələr aldım, tənqid olundum. Amma bilirəm ki, gəldiyim bu nöqtəyə çatmaq üçün nə qədər bədəl ödəmişik. Meydanda etdiyim hər şey onlar üçündür. Damdan su daman o gecələr üçün.
Bu gün məni tənqid edən də var, sevənlər də… Amma mən sadəcə futbol oynamaq istəyirəm. Çünki futbol mənim həyatımı xilas etdi. Əgər yenidən doğulsaydım, yenə eyni ömür yolunu seçərdim. Bütün göz yaşları ilə birlikdə belə.”
Bu sözlər Neymarın uğurunun arxasında yalnız istedad deyil, həm də ailəsinin böyük fədakarlığı və çox çətin həyat yolu olduğunu bir daha göstərir.