Nistelroy “Lester”dən ayrıldı

“Lester Siti” Ruud van Nistelroyla yollarını ayırdı.
90plus.az xəbər verir ki, “Lester Siti” 2025/26 mövsümündə Çempionşipə qayıtmazdan əvvəl baş məşqçi Ruud van Nistelroyla yollarını ayırdığını rəsmən açıqlayıb.
Hollandiya millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu ötən mövsümün ortasında Stiv Kuperin əvəzinə təyin olunmuşdu. Lakin Premyer Liqada komandanı saxlaya bilməməsi fonunda onun ayrılığı uzun müddətdir, gözlənilirdi. “Lester”in aşağı liqaya düşməsi mövsümün bitməsinə 5 tur qalmış rəsmiləşmişdi. Yalnız 5 komanda tarixdə daha erkən bir zamanda elitadan düşüb – “Sauthempton” (2024/25, 7 oyun qalmış), “İpsviç Taun” (1994/95), “Derbi Kaunti” (2007/08), “Haddersfild Taun” (2018/19) və “Şeffild Yunayted” (2020/21), son dördü mövsümün bitməsinə 6 tur qalmış.
Van Nistelroy Premyer Liqada 25 oyunda cəmi 4 qələbə qazana bilmişdi – 16% qələbə faizi ilə. Komanda 3 heç-heçə edib, 18 dəfə uduzmuşdu. Həmin matçlarda “Lester” cəmi 17 qol vurub ki, bu da Van Nistelroyun “Mançester Yunayted” forması ilə Premyer Liqadakı ilk 25 oyununda (2001/02 mövsümündə 19 qol) vurduğundan 2 qol azdır.
Komanda dekabrdan aprelədək evdə keçirilən 9 ardıcıl oyunda qol vurmadan uduzmaqla İngiltərə futbolu tarixində dörd yüksək liqada bu vəziyyətə düşən ilk komanda olub.
Van Nistelroy klubun saytına açıqlamasında deyib:
“‘Lester Siti’də çalışdığım müddətdə peşəkarlıq və fədakarlıqlarına görə futbolçulara, məşqçilərə, akademiya üzvlərinə və bütün klub işçilərinə şəxsən təşəkkür etmək istəyirəm. Eyni zamanda azarkeşlərə də dəstəyə görə minnətdaram.”
Klubdan bildirilib ki, yeni baş məşqçi təyin olunana qədər hazırlıq prosesini mövcud məşqçi heyəti idarə edəcək. Komanda iyunun 30-da məşqlərə start verəcək. “Lester Siti” 2025/26 mövsümündə Çempionşipdə ilk oyununu avqustun 10-da “Şeffild Uenzdey”ə qarşı keçirəcək.
“Lester”in yeni baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri “Şeffild Uenzdey”in çalışdırıcısı Denni Röldür. Keçmiş “Everton” və “Börnli” baş məşqçisi Şon Dajın da namizədlər arasında olduğu bildirilir.