"Nottingem Forest": Ən dibdən Zirvəyə!

İngilis klubu tarixin ən böyük geridönüşlərindən birini edir.
90plus.az xəbər verir ki, 2024-cü ilin martında "Nottingem Forest" komandası Premyer Liqanın düşmə zonasına çox yaxın idi və bütün daxili yarışlardan da kənarda qalmışdı. Lakin 12 ay sonra vəziyyət tamamilə dəyişdi: Komanda liqada yüksək mövqedə qərarlaşıb və 34 ildən sonra ilk dəfə FA Kubokunun yarımfinalına yüksəlib.
"Amex Stadionu"nda oynanılan "Brayton"la qarşılaşmada "Forest"in qapıçısı Matz Sels iki penalti dəf edərək komandasının 1959-cu ildən sonra ilk FA Kuboku tituluna olan ümidlərini davam etdirdi.
Lakin bu qələbə yalnız bu qədərlə bitməyib, "Nottingem Forest" həmçinin Premyer Liqada üçüncü sıradadır və növbəti mövsüm üçün Çempionlar Liqasına və Avropa yarışlarına qatılmaq şansına sahibdir. Bu, 28 ildən sonra Avropaya geri dönmək deməkdir.
Komandanın kapitanı Rayn Yeyts "BBC One"ə verdiyi müsahibədə "Bu inanılmaz bir mövsüm oldu" dedi. "Hələ heç bir şey qazanmamışıq, amma [azarkeşlərimizi] yenidən "Uembli"yə göndərmək çox xüsusi hisslərdir. Azarkeşlər üçün çox xoşbəxtəm və ümumilikdə buna layiq idik" dedi.
Bu mövsüm "Nottingem Forest" üçün FA Kubokunda penalti zərbələri artıq adi hala çevrilib. Üçüncü raundda "Luton" üzərində qazandıqları rahat 2-0-lıq qələbədən sonra, Nuno Espirito Santonun komandası sırasıyla "Ekzeter Siti" və "Ipsviç" komandalarına qarşı penalti zərbələrində qalib gəldi.
Cənub sahilindəki qarşılaşma isə yenə də bərabərliklə başa çatdı və bir daha penalti zərbələri matçına çevrildi. Bu dəfə Matz Sels Cek Hinselvudun zəif zərbəsini saxlamağı bacardı və sonra Dieqo Qomezin güclü zərbəsinə qarşı bacarıqlarını nümayiş etdirdi.
"Bilirəm ki,penalti zərbələrində həmişə bir az şans lazımdır, amma çox xoşbəxtəm," deyə Belçikalı qapıçı bildirdi.
İndi "Nottingem Forest" FA Kubokunun yarımfinalına yüksəlib və mövsümü kubokla başa vura bilərlər.
Xəbəri hazırladı: Cahid Süleymanov