“Nyukasl” satmır, İsak “Liverpul”a istəyir

“Nyukasl Yunayted”dən Aleksander İsaka xəbərdarlıq – “Liverpool” transferi dalana dirəndi.
90plus.az xəbər verir ki, “Nyukasl Yunayted” rəhbərliyi isveçli hücumçu Aleksander İsaka xəbərdarlıq edib ki, yaxın həftələrdə onun üçün qəbulolunan təklif daxil olmazsa, komanda ilə məşqlərə qayıtmalıdır. Yay hazırlıq dönəmini bud əzələsindəki zədə səbəbindən buraxan İsak hazırda baş məşqçi Eddi Haunun qərarı ilə kollektivdən ayrı çalışır. Mütəxəssis futbolçunun davranışlarının komanda ab-havasına mənfi təsir etməsini istəmir.
Xəbərlərə görə, klub rəhbərliyi İsaka bu yay satılmayacağını çatdırıb. Bu isə futbolçunun narazılığına səbəb olub, çünki o, “Liverpul”a rekord məbləğə transfer olmaq istəyir. “Nyukasl” artıq mersisaydlıların 110 milyon funt sterlinq (təxminən 147,8 milyon dollar) dəyərindəki təklifini rədd edib və oyunçunu yalnız 150 milyon funt qarşılığında buraxmağa hazırdır.
“Nyukasl”ın qapını tam bağlamadığı bildirilir, lakin İsaka aydın şəkildə bildirilib ki, klub istədiyi məbləği almayana qədər o, peşəkar davranmalı və məşqlərə qatılmalıdır. 2028-ci ilə qədər müqaviləsi olan forvardın bu yay satılması üçün klubun təzyiq altında olmadığı qeyd olunur.
Eddi Hau isə hələ də İsak üçün “geri dönüş yolunun” olduğunu düşünür. Lakin futbolçunun “Nyukasl” formasını bir daha geyinmək istəmədiyi iddia edilir. İsveçli hücumçu Premyer Liqanın açılış turunda “Aston Villa”ya qarşı matçı buraxacaq. Maraqlıdır ki, komandanın ikinci oyunu 25 avqustda məhz “Liverpul”a qarşı olacaq.
© Copyright 2025, All Rights Reserved