O “Şahdağ Qusar”a idman direktoru oldu
Yeni mövsüm öncəsi heyətində və idarəetmə strukturunda dəyişikliklər edən “Şahdağ Qusar” idman direktoru postuna təyinat həyata keçirib.
90plus.az xəbər verir ki, klubun yaydığı məlumata əsasən, bu vəzifə Məhəmməd Bədəlbəyliyə həvalə olunub. Vaxtilə peşəkar futbolçu kimi çıxış etmiş mütəxəssis bundan sonra Qusar təmsilçisinin idman sahəsinə rəhbərlik edəcək.
“Neftçi” futbol məktəbinin yetirməsi olan Bədəlbəyli karyerası ərzində MOİK, “Neftçala”, “Qaradağ Lökbatan”, “Şuşa”, “Lokomotiv” və “Binə” kimi klubların formasını geyinib. O, “Neftçala”nın heyətində Birinci Liqanın qalibi olduqdan sonra Premyer Liqa təcrübəsi də qazanaraq AZAL-a transfer olunub.
Keçmiş yarımmüdafiəçinin karyerasında legioner dönəmi də yer alıb. O, Türkiyədə “Türk Birlikspor” və “Bingölspor” komandalarının uğurları üçün çalışıb.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Bədəlbəyli ilk addımlarını “Leon Uşaq Futbol Klubu”nda atıb. Daha sonra isə “Qarabağ” Akademiyasının U-17 və U-19 komandalarında fəaliyyət göstərərək gənc futbolçuların inkişafında rol oynayıb.
Beləliklə, həm futbolçu, həm də məşqçi kimi müxtəlif təcrübəyə malik olan Məhəmməd Bədəlbəyli bundan sonra “Şahdağ Qusar”ın idman siyasətinin formalaşdırılmasına cavabdeh olacaq.
© Copyright 2026, All Rights Reserved