Oklahoma çempion, Şey Gildcesdən nadir “üçlük”

Kanadalı basketbol ulduzu Şey Gildces-Aleksander möhtəşəm çıxışı ilə “Oklahoma Siti Tander”i NBA çempionu edib.
90plus.az xəbər verir ki, komanda final seriyasının yeddinci oyununda “İndiana Peysers” üzərində 103:91 hesablı qələbə qazanaraq seriyanı 4:3 hesabı ilə tamamlayıb. Bu, 2016-cı ildən bəri NBA finalının ilk dəfə yeddinci oyuna qədər uzanmasıdır.
26 yaşlı Gildces-Aleksander həlledici oyunda 29 xal və 12 məhsuldar ötürmə ilə parlayıb. O, bu çıxışı ilə NBA Finalının Ən Dəyərli Oyunçusu (MVP) seçilib. Beləliklə, mövsüm ərzində həm də NBA-də müntəzəm mövsüm MVP-si və ən çox xal toplayan oyunçu olan Gildces-Aleksander bu nadir “üçlüyü” bir mövsümdə qazanan tarixdə cəmi 4-cü, Şakil O’Nildən (2000) sonra isə ilk oyunçu olub.
Bu, “Tander”in Oklahoma Sitiyə köçdükdən (2008) sonra ilk, ümumilikdə isə klub tarixində ikinci NBA çempionluğudur. Komanda ilk titulunu 1979-cu ildə, hələ “Sietl Supersoniks” adı ilə qazanmışdı.
Komandanın orta yaşı cəmi 25.6 olan heyəti NBA tarixində 1977-ci ildə “Portlend”dən sonra bu qədər gənc yaşla çempion olan ilk kollektiv kimi tarixə düşüb.
Gildces-Aleksander: “Bu, gerçək kimi gəlmir adama. Nə qədər saat, nə qədər an, nə qədər hiss, nə qədər inamsız gecələr… İnanılmazdır. Amma bu kollektiv buna layiq idi. Biz çox çalışdıq.”
“Meydanda və kənarda birlikdəliyimiz, əyləncəmiz bu prosesi asanlaşdırdı. Elə bil sadəcə uşaqlar kimi basketbol oynayırdıq. Bu, çox əyləncəli idi.”
“Hələ çox inkişaf etməliyik, həm fərdi, həm kollektiv olaraq. Bu, əla bir başlanğıcdır. Bu komandanın gələcəyi üçün çox həyəcanlıyam.”
“Tander”in baş məşqçisi Mark Deynyo da yetirmələri ilə qürur duyduğunu bildirib. Komanda bu mövsüm klub tarixində rekord olan 68 qələbə qazanıb.
40 yaşlı məşqçi deyib: “Onlar çempion kimi davranır, çempion kimi mübarizə aparırlar. Bir-birinin uğuruna sevinirlər, bu isə peşəkar idmanda nadir haldır. Dəfələrlə demişəm, bir daha deyirəm – bu, sıradışı komandadır və indi onlar çempiondur.”
“Bütün bu yürüş ərzində onlara özləri kimi qalmağı aşılamışam. Bizə lazım olan tək şey özümüz olmaq idi.”