Osimhen transferində ƏN SON XƏBƏRLƏR! ARAŞDIRMA

Xəbərlərə görə, “Qalatasaray” Viktor Osimhenin 75 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirməyə hazırdır və transferin bu həftə ərzində rəsmiləşəcəyi gözlənilir. Ödəniş strukturu üzərində hələ də iş aparılsa da, Türkiyə klubu bu keçidi başa çatdıracağına əmindir.
90plus.az xəbər verir ki, daha əvvəl həm “Mançester Yunayted”, həm də PSJ nigeriyalı hücumçunun xidmətində maraqlı idi. “GIVE ME SPORT” nəşri yazırdı ki, “Yunayted” PSJ-nin 63 milyon funt-sterlinqlik sərbəstqalma maddəsini aktivləşdirmək və Osimhenin maaş tələblərini qarşılamaq baxımından favorit olmasından narahatdır. Lakin bu keçid baş tutmadı.
“Corriere dello Sport”un məlumatına görə, indi Osimhen “Qalatasaray”da qalmaq istəyir. Klub onu saxlamaq üçün ildə 16 milyon avro dəyərində maaş paketi təklif edib və futbolçu bu şərtlərlə razılaşıb.
Lakin prosesin qarşısında son bir maneə qalır – “Napoli”. İtaliya klubu 75 milyon avroluq sərbəstqalma maddəsini tam şəkildə tələb edir və məbləğin aşağı salınması üçün heç bir maraq göstərmir.
Fabrizio Romano bu gecə paylaşıb ki, “Qalatasaray” “Napoli”nin Osimhenlə bağlı yenilənmiş təklif şərtlərini rədd edib. Amma şərtlərdə dəyişiklik olarsa, danışıqlar yenidən başlaya bilər.
“Napoli” 40 milyon avronun dərhal ödənilməsini, əlavə 35 milyonun isə 2026-cı ilə qədər ödənməsini və gələcək satışdan pay tələb edir. “Qalatasaray” isə ödənişi 2027-yə qədər bölmək və satışdan pay maddəsini müqaviləyə daxil etməmək istəyir.
“CaughtOffside” üçün yazdığı son köşəsində jurnalist Alfredo Pedulla qeyd edib ki, “Qalatasaray” Osimhenin sərbəstqalma bəndini aktivləşdirmək istəyir, amma “Napoli” yalnız niyyətlə kifayətlənmir – klub tam maliyyə zəmanəti tələb edir.
“Napoli daha çox istəyir”, – Pedulla yazır. – “Sadəcə ödənişin hissə-hissə bölünəcəyi vədləri yox, ciddi zəmanət – real bank təminatı və ya geri alına bilməyən kredit məktubu lazımdır".
Qısası: ya dərhal nağd pul, ya da “dəmir zəmanət”. İndi top “Qalatasaray”ın meydanındadır – klub “Napoli”nin istədiyi bütün tələbləri tam şəkildə yerinə yetirməlidir. “Napoli”nin bu qədər israrlı davranmasının səbəbi var – onlar bu transferin gəliri ilə yeni hücumçuya sərmayə yatırmaq istəyirlər.