Paris-2024: Bizim üçün gün bitdi!

Bu gün Paris-2024 olimpiadasında 5 təmsilçimiz yarışa qoşulub.
90plus.az xəbər verir ki, öncə Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra qrupda ilk oyununda çinli He Bin Çzyao-ya 2-0 hesabı ilə (21-8, 21-7) uduzub.
İndoneziyaəsilli Keişa Fatimənin 2-ci oyunu 29 iyulda olacaq.
Keişa Fatimə Zəhranın təəssüratları:
"Əlimdən gələni etməyə çalışdım. İlk Olimpiadamdır. İstər-istəməz həyəcanlıyam. Növbəti görüşümdə daha yaxşı olacağam".
Daha sonra Azərbaycan cüdoçusu Leyla Əliyeva (48 kq ) 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəldi. Rəqibinə məğlub olan Əliyeva turnirlə vidalaşdı. FOTO
Azərbaycanın güllə atıcısı Ruslan Lunyov isə pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb və 33 iştirakçı arasında 24-cü olub, final mərhələsinə yüksələ bilməyib. İdmançımız 25 metr məsafədən atəşaçmada yarışacaq. FOTO
Akademik avarçəkənimiz Diana Dımçenko 2000 metr məsafəni 7 dəqiqə 52.53 saniyəyə qət edib və fərdi yarışın qrup mərhələsində 3-cü yeri tutub.
Nəticədə Diana 1/4 finala yüksəlib. Həmin mərhələ 29 iyulda olacaq. FOTO
Bu günə olan sonuncu təmsilçimiz 60 kq çəkidə cüdoçu Balabəy Ağayev 1/8 final mərhələsində cənubi koreyalı Kim Von Jinə məğlub olaraq turnirlə vidalaşıb. FOTO
Qeyd: Azərbaycan millisi 15 idman növündə 48 idmançı ilə təmsil olunur. Parad ilk dəfə stadiondakı qaçış zolağı əvəzinə Sena çayında qayıqlarla keçid olub.
Paris olimpiadası avqustun 11-də başa çatacaq.
© Copyright 2025, All Rights Reserved