Pep Qvardiola futbolçularına əsəbiləşdi: “Qorxaqsınız!”
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 5-ci turunda evdə "Bayer Leverkuzen"ə 0:2 hesabı ilə məğlub olduqdan sonra komandasını “qorxu ilə oynamaq”da günahlandırıb.
90plus.az xəbər verir ki, oyun sonrası kəskin açıqlamalar verən Qvardiola komandasının məğlubiyyətini “qorxaqlığa” bağlayaraq belə deyib:
“Bir azarkeş olsam, bizim bu cür oynayan komandama alqış etməzdim. Cəhd etmədik və futbolda sahəyə çıxanda cəhd etməlisiniz. Bəlkə də rotasiya etməli idim, amma onlara çox güvənirdim və hələ də güvənirəm. Onların futbolçu dəyərinə böyük hörmət edirəm — bəlkə də özlərinin düşündüyündən daha çox. Bu mənim üçün böyük dərs oldu.”
İspan məşqçi futbolçularının “səhv etməkdən qorxduğunu” da xüsusi vurğulayıb:
“Onlar bir şey etmək üçün yox, səhv etməmək üçün oynadılar. Belə çox çətindir. Futbolda həm müdafiə, həm hücum etməlisiniz və risk almalısınız. Təhlükəsiz oynadılar, səhvdən qaçmağa çalışdılar və bu, oyunu çox çətinləşdirdi.”
Premier Liqada "Arsenal"ın yüksəlişinə də toxunan Qvardiola onların çox az xal itkisi ilə yoluna davam etdiyini bildirib:
“Matçları qətiyyən uduzmamalıyıq — reallıq budur. "Arsenal" çox güclüdür və oyunları qazanırlar. Keçmişdə bizim "Liverpul"la yarışdığımız dönəm kimi, çox stabil oynayırlar. Biz də onlara çatmaq üçün çarə tapmalı olacağıq.”
© Copyright 2025, All Rights Reserved