Pol Poqba rəsmən Fransa Liqa 1-də! İlk dəfə

Fransa klubu “Monako” fransalı ulduz futbolçu Pol Poqbanın transferini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, 2018-ci il dünya çempionu olan yarımmüdafiəçi “Monako” ilə 2027-ci ilin 30 iyununa qədər – iki mövsüm üçün müqavilə imzalayıb. Keçid azad agent kimi baş tutub.
Poqba uzun fasilədən sonra Fransa Liqasına qayıdır. Amma karyerasında ilk dəfə olaraq Liqa 1-də çıxış edəcək.
O, karyerasına “Havr” akademiyasında başlayıb, daha sonra “Mançester Yunayted”ə keçərək 2011-ci ildə peşəkar debütünü edib.
Yarımmüdafiəçi xüsusilə “Yuventus”da keçirdiyi illərlə yadda qalıb – Poqba Turin klubunda ardıcıl 4 dəfə A Seriya çempionu olub, 2 dəfə İtaliya Kubokunu qazanıb və 2015-ci ildə UEFA Çempionlar Liqasının finalına yüksəlib. 2016-cı ildə yenidən “Mançester Yunayted”ə dönən futbolçu burada Avropa Liqası və İngiltərə Liqa Kubokunun qalibi olub.
Fransa milli komandasında da uğurlu çıxışı ilə seçilən Poqba 2018-ci ildə dünya çempionluğunu yaşayıb və finalda Xorvatiyaya qarşı qol da vurub. O, həmçinin 2021-ci ildə Millətlər Liqasının qalibi olan heyətdə yer alıb. Poqba “xoruzlar”ın heyətində 91 oyunda iştirak edib və 11 qol vurub.
© Copyright 2025, All Rights Reserved