Poqba dəvə yarışına sponsor oldu
90plus.az xəbər verir ki, Fransa Liqasının təmsilçilərindən olan "Monako" klubunun 32 yaşlı futbolçusu Körfəz bölgəsində yarışan Səudiyyə Ərəbistanına məxsus "Al Habub" dəvə yarışı komandasına elçi və səhmdar kimi qoşulub.
Poqba müsahibəsində bildirib ki, son illərdə Orta Şərqdə daha çox vaxt keçirdikcə dəvə yarışlarına xüsusi maraq göstərib:
"Bu mövzunu araşdırmağa başladım. Nə qədər çox öyrənirdimsə, bir o qədər maraqlı gəlirdi. Bu idmanın arxasında tarix, ailə bağları, rəqabət və qürur dayanır."
Fransız ulduz bölgənin idmana etdiyi böyük sərmayələr sayəsində qlobal idmanın əsas mərkəzlərindən birinə çevrildiyini, dəvə yarışlarının da bu inkişafın bir parçası olmağa layiq olduğunu qeyd edib.
Ərəb yarımadasında qədim ənənəyə sahib olan dəvə yarışlarında çempion heyvanlar bəzən 5 milyon dollardan çox qiymətə alıcı tapa bilir. Bu idman növündə ən böyük mükafat fondunu verən 16 mərhələli "Al Ula Kuboku" yarışında ötən il mükafat fondu 6,4 milyon dollar təşkil edib.
2018 Dünya Çempionatında Fransa millisinin heyətində dünya çempionu olan Poqba, "Yuventus" formasında çıxış etdiyi dövrdə aldığı dopinq cəzası səbəbilə 18 ay meydanlardan uzaq qalmışdı.
İyun ayında "Monako" ilə iki illik müqavilə imzalayan, "Yuventus" və "Mançester Yunayted" komandalarının sabiq ulduzu ötən ay "Renn" qarşısında ilk dəfə meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved