Postekoqlu “Forest”də! Detallı araşdırma..

“Nottingem Forest” Postekoqlu ilə anlaşdı.
90plus.az xəbər verir ki, “Nottingem Forest” yeni baş məşqçisini müəyyənləşdirib. İngiltərə klubunun sükanı avstraliyalı mütəxəssis Ance Postekoqluya tapşırılacaq.
60 yaşlı çalışdırıcı ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanacağı gözlənilir. Tərəflərin bütün şərtlərdə razılığa gəldiyi artıq təsdiqlənib.
Postekoqlu yeni vəzifəsinə bu həftə sonu başlaya bilər. Onun şənbə günü keçiriləcək “Arsenal”la Premyer Liqa oyununda komandanın texniki zonasında olacağı ehtimal olunur.
Avstraliyalı mütəxəssisə “Tottenhem”də birlikdə çalışdığı köməkçilər də qoşulacaq.
“Biz kluba daim titullar qazanan, sübut olunmuş uğur rekorduna malik bir baş məşqçi gətiririk. Onun ən yüksək səviyyədə təcrübəsi və bizimlə birgə xüsusi bir layihə qurmaq istəyi “Forest”dəki hədəflərimizə çatmaq üçün böyük fürsətdir,” – deyə "Forest" klubunun sahibi Evangelos Marinakis bildirib.
Keçən mövsüm Postekoqlu “Tottenhem”ə 17 ildən sonra ilk kuboku qazandıraraq Avropa Liqasının qalibi oldu və Çempionlar Liqasına vəsiqə əldə etdi. Amma bu, onu vəzifədə saxlamağa kifayət etmədi. Komanda mövsümü Premyer Liqada 20 komanda arasında 17-ci yerdə başa vurdu ki, bu da 1992-ci ildən bəri klubun ən pis nəticəsi idi. “Tottenhem” həm də mövsümdə 22 dəfə uduzaraq müasir tarixində antirekord müəyyənləşdirdi.
Postekoqlu “Forest”də yenidən Avropa Liqasında çıxış etmək şansı əldə edəcək. Nununun rəhbərliyi altında komanda 1996-cı ildən sonra ilk dəfə qitə turnirlərinə vəsiqə qazanmışdı. “Forest” ötən mövsümü 7-ci pillədə tamamlayaraq 1995-ci ildən bəri Premyer Liqadakı ən yaxşı nəticəsinə imza atdı.
“Premyer Liqaya yüksəldikdən sonra hər mövsüm sabit şəkildə inkişaf edərək Avropaya vəsiqə qazandıq. İndi ən yaxşılarla rəqabət aparmaq və kuboklar uğrunda mübarizə aparmaq üçün doğru addımı atmalıyıq. Ance bunu bacaracaq təcrübə və nailiyyətlərə malikdir. Onun bizə qoşulmasından böyük həyəcan duyuruq,” – deyə Marinakis əlavə edib.
Özünü sübut etmək imkanı
Postekoqlunun sürətli qayıdışı ona “Tottenhem”in səhv etdiyini sübut etmək fürsəti verir. 60 yaşlı mütəxəssis ötən il iddialı şəkildə hər klubda ikinci mövsümündə kubok qazandığını söyləmişdi. Bu, “Brisbane Roar”, “Yokohama F. Marinos” və “Seltik”də belə olmuşdu. “Tottenhem”də isə bu ənənə mümkünsüz görünürdü, amma komanda Avropa Liqasında sensasion çıxış edərək finalda “Mançester Yunayted”i məğlub etdi.
“Forest” isə sonuncu böyük kubokunu 1990-cı ildə İngiltərə Liqa Kubokunda qazanıb və Premyer Liqa dövrünün böyük hissəsini elita xaricində keçirib.
Fərqli üslublar
Postekoqlu ultra-hücum futbol fəlsəfəsi ilə tanınır. Bəzi tənqidçilər bunu sadəlövh adlandırır. O, ötən mövsüm Liqa Kubokunda “Mançester Yunayted”ə qarşı 4:3 hesablı qələbədən sonra məşhur “Əylənmirsinizmi?” sözləri ilə yadda qalmışdı.
O, Nununun dövründə daha praqmatik oyun tərzi ilə tanınan komandaya rəhbərlik edəcək. İndi əsas sual futbolçuların bu dəyişikliklərə necə uyğunlaşacağıdır.
Nunonun mirası
Nuno “Forest”i düşmə təhlükəsi ilə mübarizə aparan komandadan Çempionlar Liqasına iddiaçıya çevirdi. O, 2023-cü ilin dekabrında komanda 17-ci sırada olarkən təyin olunmuşdu. Klub maliyyə qaydalarını pozduğuna görə 4 xal silinsə də, portuqaliyalı məşqçi komandanı Premyer Liqada saxladı. Növbəti mövsümdə isə “Forest” zirvəyə oynadı və Çempionlar Liqasına vəsiqəyə yaxın idi, lakin son 5 oyunda yalnız bir qələbə qazanaraq 7-ci yerdə dayandı. Komanda həmçinin İngiltərə Kubokunda yarımfinala yüksəldi.
Buna baxmayaraq, Nuno ötən ay Marinakis ilə münasibətlərinin pisləşdiyini və işini itirməkdən narahat olduğunu açıqlamışdı.
O, ehtimal ki, tezliklə yeni iş tapacaq. Nuno əvvəllər “Vulverhempton”u Premyer Liqaya çıxarıb və orada sabitləşdirmişdi. “Tottenhem”dəki uğursuz qısa müddətdən sonra Səudiyyə Ərəbistanında “Al İttihad”la çempionluq yaşamışdı və ardınca “Forest”ə gəlmişdi.