Premyer Liqa: Kameralar meydana, paltardəyişmə otağına girəcək

Premyer Liqada gələn mövsümdən etibarən bəzi dəyişikliklər olacaq və bu dəyişikliklər televiziya yayımına da təsir edəcək. Məqsəd azarkeşləri oyuna daha da yaxınlaşdırmaqdır.
90plus.az xəbər verir ki, ilk dəfə olaraq evdən oyuna baxan azarkeşlər əvəzlənmiş futbolçularla canlı matç zamanı kənar xəttin yaxınlığında qısa müsahibələr izləyə biləcəklər — təbii ki, futbolçular bir qədər soyumağa vaxt tapdıqdan sonra (📰: The Telegraph).
Bundan başqa, yeni dəyişikliklər çərçivəsində kamera operatorlarına xüsusi Stedikam avadanlığı ilə qol sevinclərini daha yaxından çəkmək üçün qısa müddətlik meydançaya daxil olmağa icazə veriləcək. Bu görüntülər yalnız oyunun dayandığı anlarda və cəmi bir neçə saniyəlik qeydə alınacaq.
Ən diqqətçəkən dəyişikliklərdən biri də paltardəyişmə otaqlarına müəyyən dərəcədə kamera girişinin mümkün olmasıdır. Kameralar baş məşqçilərin oyunöncəsi və ya fasilə zamanı verdiyi çıxışları çəkmək imkanına malik olmayacaqlar, lakin matçdan əvvəl və ya sonra bəzi anları lentə ala biləcəklər. Gözlənilir ki, Premyer Liqadakı hər klub mövsüm ərzində ən azı 2 ev oyununda bu girişə icazə versin.
Bu yeniliklər Premyer Liqanın Sky Sports və TNT Sports ilə bağladığı yeni yayım müqaviləsinin bir hissəsidir. 4 il müddətinə nəzərdə tutulan bu müqavilənin dəyəri 6,7 milyard funt sterlinqdən çoxdur. Sky bu ideyaların bəzilərini artıq ötən mövsüm sınaqdan keçirmişdi və indi bu dəyişikliklər rəsmi şəkildə tətbiq ediləcək — lakin hər oyunda bütün bu elementlər eyni anda olmayacaq.
Bəzi baş məşqçilər və klublar — xüsusən “Arsenal” və “Mançester Siti” kimi artıq öz sənədli filmləri olanlar — özəl sahələrə kameraların buraxılmasına tərəddüdlə yanaşırlar. Buna baxmayaraq, Premyer Liqa rəhbərliyi bu yeniliklərin azarkeş marağını daha da artıracağını və liqanı izləmək üçün daha maraqlı hala gətirəcəyini düşünür.