Premyer Liqa klubu xilaskarını istefaya yolladı

“Nottingem Forest”in baş məşqçisi Nunu Eşpiritu Santu 21 ay çalışdıqdan və mövsümün cəmi üç oyunundan sonra istefaya göndərilib.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin postu son iki həftədir ki, sual altında idi. Buna səbəb onun klub sahibi Evangelos Marinakislə münasibətlərinin pisləşdiyini açıq şəkildə deməsi olmuşdu. Artıq yeni baş məşqçi ilə bağlı danışıqlar aparılır və qərarın yaxın vaxtlarda elan ediləcəyi bildirilir. Namizədlər arasında sabiq “Tottenhem” çalışdırıcısı Ance Postekoqlu da var.
Gecəyarısı klubun yaydığı açıqlamada Nunoya “Siti Qraund”da çox uğurlu dövrün bir parçası olduğu üçün təşəkkür edilib və onun “Forest” tarixində hər zaman xüsusi yer tutacağı vurğulanıb.
Xatırlatma: 51 yaşlı mütəxəssis 2023-cü ilin dekabrında Stiv Kuperin istefasından sonra komandanın başına keçmişdi. O, həmin mövsüm “Forest”i Premyer Liqada saxlamağı bacardı. Keçən mövsüm isə komandanı 7-ci yerə qədər yüksəldərək 1994/95-dən bəri ən yüksək nəticəni göstərdi və kluba 30 ildən sonra Avropada iştirak imkanı qazandırdı. Bu uğurdan sonra Santu iyunda üçillik yeni müqavilə imzalamışdı.
Hazırda “Forest” mövsümə 3:0 hesablı “Vest Hem” məğlubiyyəti ilə yollandığı milli oyunlar fasiləsinə 10-cu pillədə daxil olub.
Ümumilikdə, Nuno “Forest”in başında 73 oyuna çıxıb: 28 qələbə, 20 heç-heçə və 25 məğlubiyyət.
© Copyright 2025, All Rights Reserved