Premyer Liqa klubunda yeni baş məşqçi
İngiltərə Premyer Liqası təmsilçilərindən “Vulverhempton” rəhbərliyi portuqaliyalı mütəxəssis Vitor Pereyradan boşalan baş məşqçi postuna Rob Edvardsı gətirdiyini rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, iki mövsüm əvvəl “Luton Taun” klubunu Premyer Liqaya yüksəldərək adından söz etdirən 42 yaşlı britaniyalı mütəxəssis, daha öncə də “Vulverhempton”da köməkçi məşqçi kimi çalışıb. Klubun rəsmi açıqlamasında “Yenidən xoş gəlmisən” ifadəsi yer alıb.
2023/24 mövsümündə “Luton Taun”u Premyer Liqaya çıxaran Edvards, ötən yay “Midlsbro” klubunun baş məşqçisi vəzifəsini icra edirdi. “Vulverhempton” yeni çalışdırıcısının rəhbərliyi altında ilk oyununa 22 noyabrda doğma meydanda “Kristal Palas”a qarşı çıxacaq.
Klubun rəsmi saytında yayılan məlumata görə, Rob Edvards ilə 3,5 illik müqavilə imzalanıb.
Futbolçu karyerası dövründə “Vulverhempton”un formasını geyinmiş Edvards həmin klubda bir müddət müvəqqəti baş məşqçi kimi də fəaliyyət göstərib. Daha sonra “Forest Qrin Rovers”, “Luton Taun”, “Uotford” və “Midlsbro” komandalarını çalışdırıb.
Hazırda Premyer Liqada 11 turdan sonra cəmi 2 xal toplayan “Vulverhempton” turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved