Premyer Liqada nəfəslər tutuldu - "Mançester Yunayted" xalı 90+6-da qazandı
İngiltərə “Premyer Liqa”sının 11-ci turunda “Tottenhem” və “Mançester Yunayted” arasında keçirilən oyun gərgin mübarizə şəraitində keçib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
90plus.az xəbər verir ki, oyunun ilk hissəsində “Mançester Yunayted” 32-ci dəqiqədə Brian Mbeumonun vurduğu qolla önə keçib və fasiləyə üstünlüklə yollanıb.
İkinci hissənin sonlarında isə meydanda həyəcan pik həddə çatıb. “Tottenhem” 84-cü dəqiqədə Matis Telin qolu ilə hesabı bərabərləşdirib. 90+1-ci dəqiqədə Riçarlison ev sahibi komandanı önə çıxarıb. Lakin “Mançester Yunayted” son anda cavab verməyi bacarıb – 90+6-cı dəqiqədə Matays de Liqt künc zərbəsindən sonra bərabərlik qolunu vurub və yekun nəticəni müəyyənləşdirib – 2:2.
Bu nəticə ilə hər iki komanda aktivinə 1 xal yazdırıb və xallarını 18-ə yüksəldib.
“Mançester Yunayted”də oyuna sonradan daxil olan Benjamin Şeşko son dəqiqələrdə zədələnərək meydanı tərk edib. Əvəzlənmə haqları bitdiyi üçün “Mançester Yunayted” qarşılaşmanı 10 nəfərlə başa vurub.
Milli komanda fasiləsindən sonra “Mançester Yunayted” doğma meydanda “Everton”u qəbul edəcək, “Tottenhem” isə derbidə “Arsenal”ın qonağı olacaq.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/110379?single
© Copyright 2025, All Rights Reserved