Premyer Liqada yeni mövsüm yeni qayda ilə başlayır

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün açılış matçında “Liverpul” və “Bornmut” komandaları üz-üzə gələcək. Sezonun ilk oyunu ilə birlikdə liqada yeni bir tətbiq də qüvvəyə minir.
90plus.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı xəbərə görə, yeni mövsümdən etibarən Premyer Liqa qarşılaşmalarında hakimlərin taxdığı kameraların görüntüləri də yayım zamanı istifadə olunacaq. Bu yenilik sayəsində qol epizodları və digər önəmli anların təkrarında hakim kameralarının çəkdikləri görüntülərdən yararlanmaq mümkün olacaq.
Bu sistem ilk dəfə FIFA Klub Dünya Çempionatında tətbiq olunmuşdu və uğurlu nəticələr vermişdi. İndi isə bu təcrübə “Liverpul” – “Bornmut” qarşılaşması ilə Premyer Liqaya da gətirilir.
Beynəlxalq Futbol Birliyi Şurası (IFAB) mart ayında verdiyi qərarla bu görüntülərin lazım gəldikdə VAR otağında da istifadəsinə icazə vermişdi.
FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina məsələ ilə bağlı açıqlamasında, hakim kameralarının istifadəsinin “gözləntilərini aşdığını” və bu yeniliyin çox müsbət qarşılandığını bildirib.
Xatırlatma: Premyer Liqada hakim kamerası ilk dəfə 2023/24 mövsümündə “Kristal Pelas” – “Mançester Yunayted” oyunu zamanı sınaqdan keçirilmişdi.
© Copyright 2025, All Rights Reserved