PSJ - "İnter": Kim qalib gələcək? ANALİZ

Bu gün UEFA Çempionlar Liqasında final oyununda PSJ və "İnter" qarşılaşacaq.
90plus.az Sizlər üçün bu matçı analiz etmişdir. Birinci olaraq bu klubaların siyasətinə baxsaq, görərik ki, iki fərqli siyasət yürüdən klub qarşılaşacaq. Bir tərəfdə çempion olsa belə, tranferlərə pul ayırmayıb, kiçilməyə məcbur olan "İnter", digər tərəfdə transferdə əliaçıq olan PSJ. Ancaq bunu da nəzərə alaq ki, Luiz Enrike gələndən PSJ də əvvəlki kimi transferlərə çox pul xərcləmədi.
Oyun stillərinə nəzər yetirək. PSJ adətən mərkəz hücumçusuz, daha çox cinahlardan gəlir. Xüsusilə də, Kvaratsxeliya, Dezire Due, Osman Dembele və Bredli Barkola "İnter"in cinah müdafiəçilərinə başağrısı ola bilər. Burada "İnter"in cinah müdafiəçiləri Di Marko və Denzel Dumfrizin üzərinə böyük yük düşür.
"İnter"də isə, məsələ bir az fərqlidir. Onlar əksinə, əsasən mərkəzdən oyun qurmaq, Barella və Hakan Çalhanoğlu ilə topu irəli aparıb, hücumçu - Lautoro Martinezi topla təmin etmək istəyirlər. Əgər PSJ yarımmüdafiəsi - Vitinya, Joa Neveş, Fabian Ruiz mərkəzdə hakimiyyəti ələ alsa, "İnter"in işi çətinləşəcək.
Bir də hər iki komandanın bu yerlərə gəlməsində əsas pay sahiblərindən olan qapıçılar - Cianluici Donnaruma və Yan Sommer. Donnarumanın boy üstünlüyü gözə çarpsa da, Sommerin də güclü refleksləri onu həmkarı ilə müqayisə olunacaq dərəcəyə gətirir. Sommerin "Barselona"ya, Donnarumanın İngiltərə klublarına qarşı oyunlarını nəzərə alsaq, bizi maraqlı qarşıdurma gözləyir.
Və əsas məsələ - məşqçi amili. Luiz Enrike və Simone İnzagi hərəsi bir dəfə bu mərhələdə boy göstərib. İnzagi yenə də "İnter"lə "Mançester Siti"yə məğlub olmuşdusa, Luiz Enrike "Barselona" ilə "Yuventus"a qalib gəlib çempion olmuşdu. Həm bu mərhələdə qalibiyyəti, həm də İtaliya klubunu məğlub etməsi Enrikeni bir addım önə çıxarır.
Bu komandalar yalnız yoldaşlıq görüşlərində qarşılaşıb və 3 dəfə fransızlar, 2 dəfə də italyanlar seviniblər.
Qeyd: Matç bu gün Bakı vaxtı ilə 23:00-da, Almaniyanın Münhen şəhərində yerləşən "Allianz Arena"da baş tutacaq. Oyunu Ruminyadan olan İvan Kovaç idarə edəcək.