PSJ kölgədə qalan futbolçulara da bonus verəcək
Fransanın PSJ klubu futbolçular üçün yeni bonus sistemi tətbiq edib.
90plus.az xəbər verir ki, "Pari Sen-Jermen” komandası futbolçular üçün inqilabi sayılan yeni bonus modelini təqdim edib. Məlumata görə, bundan sonra oyunçular qol vurduqda, assist etdikdə və ya assistdən əvvəl son açar ötürməni verdikdə eyni məbləğdə bonus alacaqlar.
Məlumatı “L’Équipe” nəşri yayıb.
Yeni siyasətin əsas məqsədi komandanın kölgədə qalan, lakin hücumların qurulmasında mühüm rol oynayan futbolçularını mükafatlandırmaqdır. Klub rəhbərliyi hesab edir ki, bir çox oyunçu hücumların başlanğıcında vacib rol oynasa da, nə qol, nə də assist müəllifi kimi statistikaya düşür və diqqətdən kənarda qalır.
Bu sistem sayəsində hücumların qurulmasında iştirak edən bütün futbolçuların əməyinin qiymətləndiriləcəyi və komanda daxilində motivasiyanın daha da artacağı gözlənilir. Klub rəhbərliyi yeni bonus modelinin bütün heyətin özünü daha dəyərli hiss etməsinə kömək edəcəyinə inanır.
© Copyright 2026, All Rights Reserved