PSJ Mbappeyə borclanmağa davam edir
Fransa təmsilçisi PSJ ilə keçmiş kapitanı Kilian Mbappe arasında davam edən hüquqi mübahisənin həcmi 700 milyon avroya çatıb.
90plus.az xəbər verir ki, Mbappenin vəkilləri klubun tələbini “misli görünməmiş məbləğ” adlandırıblar. Məhkəmə qərarının təxminən bir ay sonra açıqlanacağı gözlənilir.
2024-cü ilin yayında İspaniyanın “Real Madrid” klubuna azad agent kimi keçən Mbappe ilə PSJ arasında maaş və müqavilə öhdəliklərinə dair yaranan problem Paris Əmək Məhkəməsində araşdırılır.
26 yaşlı ulduz futbolçu keçmiş klubundan haqsız fesih (44,6 milyon avro), imza bonusları (40,4 milyon avro) da daxil olmaqla 10 müxtəlif maddə üzrə 260 milyon avrodan çox təzminat tələb edib. Uzun müddət susqunluğunu qoruyan “Pari Sen-Jermen” isə Mbappeyə qarşı 440 milyon avroluq əks iddia irəli sürüb.
Mbappenin vəkilləri klubun tələbini “misli görünməmiş bir məbləğ” kimi qiymətləndirərək futbolçunun Fransa ədliyyəsinə güvəndiyini bildiriblər.
Klub, Mbappeni 2022-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər – təxminən 11 ay müddətində – müqaviləni uzatmamaq qərarını gizlətməkdə və komandanı gəlir gətirə biləcək bir transferdən məhrum etməkdə günahlandırır. PSJ iddia edir ki, Mbappe 2023-cü ilin yayında əldə olunan razılaşmaya əsasən, bonservissiz ayrılacağı halda müqavilə sonunda almalı olduğu bəzi ödənişlərdən imtina etməli idi.
Mbappe və onun yaxın çevrəsi isə klubun irəli sürdüyü bu şifahi razılaşma iddiasını rədd edir.
Məhkəmənin yekun qərarını 16 dekabrda elan etməsi gözlənilir.
© Copyright 2025, All Rights Reserved