"Qalatasaray"a uduzan van Deyk Mamardaşvilidən danışdı
“Liverpul”un kapitanı Vircil van Deyk komandanın Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Qalatasaray”a 0:1 hesabı ilə uduzmasından sonra qapıçı Giorgi Mamardaşvilini tərifləyib.
90plus.az xəbər verir ki, Mamardaşvili bazar ertəsi məşq zamanı bud nahiyəsindən zədə alan və Türkiyəyə səfər edə bilməyən Alisson Bekeri son anda əvəzləyib. Bu oyun ötən yay “Valensiya”dan transfer olunan qolkiperin “Liverpul”da cəmi 12-ci matçı, noyabrın sonundan bəri isə ilk oyunu olub.
25 yaşlı qapıçı bir neçə vacib qurtarış edib. O, Noy Lanqın ötürməsindən sonra yaxın məsafədən zərbəni dəf edib və Davinson Sançesin baş zərbəsini tam uzanaraq qaytarıb. Bu epizodlar məğlubiyyətin yalnız bir qolla məhdudlaşmasına kömək edib.
“Yaxşı oynadı. Məşqdən sonra xəbəri eşidib qorxduq, belə böyük oyuna – Çempionlar Liqasının 1/8 finalına – psixoloji olaraq hazırlaşmaq asan deyil. Amma o, yaxşı çıxış etdi,” – deyə Van Deyk bildirib.
“Bu, hər birimizin işidir – nə vaxt çağırılsaq, hazır olmalıyıq.”
Mamardaşvili daha əvvəl səbirli və hazır olmağın vacibliyindən danışaraq belə demişdi:
“Əgər oynamıramsa, problem deyil. Hər gün çox çalışmalıyam, bu qədər. Mənim vaxtım mütləq gələcək… Çalışmağa davam et və şansının nə vaxt gələcəyini heç vaxt bilmirsən.”
Hələlik Mamardaşvilinin cavab oyununda və ya bazar günü Premyer Liqada “Tottenhem”ə qarşı matçda əsas heyətdə oynayıb-oynamayacağı bəlli deyil. Komandanın baş məşqçisi Arne Slotun cümə günü keçiriləcək oyunöncəsi mətbuat konfransında bu barədə məlumat verəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved